Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentdə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda keçirilən elmi-praktik konfransda çıxışı zamanı deyib.
Komitə sədri xatırladıb ki, 2002-ci il referendumunda proporsional seçki sistemi ilə bağlı dəyişiklik təşəbbüskarları tənqidlərə məruz qalırdı:
“Səbəb də o idi ki, sanki bu, siyasi sistemin zəifləməsinə gətirib çıxaracaq. Hesab edirəm ki, mövcud dəyişikliklə sonralar bir sıra postsovet ölkələrində gördüyümüz proporsional sistemə son qoyduq. Siyasi partiyalar bununla inkişafdan qalmadılar, sonrakı mərhələlərdə daha da inkişaf etdilər. Fikrimcə, o dövrdəki opponentlərin aqrumentləri özünü doğrultmadı. Əminliklə deyə bilərəm ki, biz çox düzgün addım atmışıq”.
Ə.Hüseynli əlavə edib ki, bu gün majoritar seçki sistemi seçici ilə deputat arasında həm əlaqə, həm də məsuliyyət yaradır:
“Bunun təzahürlərindən biri də sistemli şəkildə davam edən vətəndaş qəbullarıdır. Lakin zamanında siyasi mənsubiyyətindən asılı olmayaraq onların vətəndaş, yaxud seçici qarşısında heç bir öhdəliyi yox idi.
2009-cu ildəki dəyişikliklə bir şəxsin iki dəfədən artıq seçilməsinə məhdudiyyət qoyulması məsələsini də fərdlə əlaqələndirirdilər. Buna qarşı arqumentimiz çox sadə idi - yəni biz kimsəyə bir neçə dəfə seçilmək üçün qanunvericilik imkanı yaratmırdıq. Biz seçilən üçün yox, seçən üçün imkan yaradırdıq. Bütün hallarda nəticə onu göstərirdi ki, düzgün yoldayıq”. (Report)