"Vətən səsi" xəbər verir ki, bu barədə Berkli Kaliforniya Universitetinin hüquq fakültəsində magistr təhsili alan Ceyhun Xəlilov sosial şəbəkə hesabında paylaşım edib. Bildirilir ki, aprelin 24-ü Berkli Kaliforniya Universitetinin hüquq fakültəsində qondarma “erməni soyqırımı”nın anım günündə İkinci Qarabağ müharibəsi ilə bağlı ermənilərin lentə aldığı film nümayiş etdirilməli idi: "Bundan xəbər tutaraq bazar ertəsi digər magistr həmyerlilərimiz İnqilab Hüseynzadə və Murad Qurbanovla birlikdə “LLM Advising Office”ə (universitetin magistr mərkəzi) yollandıq. Münaqişənin tarixi, 1905-ci ildən bəri Azərbaycan xalqının məruz qaldığı sistematik qırğınlar, BMT-nin 4 qətnaməsi, Xocalı soyqırımı və ən əsası hazırda davam edən sülh danışıqlarından söz açdıq. Bu tədbirin Azərbaycanı birbaşa soyqırımda günahlandırdığını diqqətlərinə çatdırdıq. Əlavə olaraq, tədbirin təsviri hissəsində “arts**h” sözünün işlədilməsinin bizim ərazi suverenliyimizə birbaşa zidd olduğunu bildirdik".
Növbəti gün azərbaycanlı tələbələrin hər üçü “Advising Office”in rəhbərinin qəbulunda olarkən bu məsələni şəxsən onun özü ilə müzakirə ediblər. Lakin magistr mərkəzinin rəhbəri deyib ki, tədbir kifayət qədər riskli və insanların sağlamlığı üçün ciddi təhdidlər olsa belə, ABŞ Konstitusiyasının 1-ci əlavəsinə əsasən, heç kimin tədbiri ləğv etmək hüququ yoxdur. Belə olan halda azərbaycanlı gənclər ölkəmizə qarşı baş verən qırğınlar, habelə Vətən müharibəsi dövründə Gəncə və Bərdəyə olan hücumlarla bağlı stend açacaqlarını söyləyiblər.
"Daha sonra tədbirin təşkilatçısı olan İnsan Hüquqları Mərkəzinin direktor müavini ilə bu məsələni müzakirə etdik. Narazılıqlarımızı və etirazımızı ona bildirdik. Qeyd etdik ki, hüquq fakültəsində dərs deyən Beynəlxalq Ədalət Məhkəməsinin sabiq sədri, hakim Joan Donoghue deyib ki, münaqişə artıq bitib və bu tədbirin keçirilməsi yalnız provokativ xarakter daşıyır, sülh danışıqlarına xələl gətirir. Nəticədə əvvəlcə qondarma qurumun tarixin ən qaranlıq nöqtəsinə göndərilmiş adı silindi. Direktor müavini isə bildirdi ki, tədbir başlamazdan əvvəl özü şəxsən təkzib verərək bu tədbirin qondarma hadisələrin anım gününə heç bir aidiyyəti olmadığını bildirəcək. Bu gün isə artıq tədbir ləğv edildi. Ola bilsin, onlar bu filmi başqa vaxt başqa yerdə nümayiş etdirəcəklər, bizim də bunun qarşısını almağa gücümüz çatmayacaq. Amma bu gün qarşısını ala bildik”.
Xatırladaq ki, hər üç tələbə ötən il “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində tam təqaüd qazanmaqla ABŞ-ın nüfuzlu Berkli Kaliforniya Universitetinin hüquq üzrə magistratura pilləsinə qəbul olublar.
Elxan SALAHOV