Çinin milli xəbər agentliyi Sinxua, Çin Kommunist Partiyasının rəsmi nəşrlərindən olan “Jenmin Jibao” və “Global Times” qəzetləri, Çin Media Qrupuna daxil olan Çin Mərkəzi Televiziyası (CCTV), Çin Beynəlxalq Radiosu, CGTN telekanalı, habelə nüfuzlu “China Daily” qəzeti, digər qəzet və xəbər saytları Prezident İlham Əliyevin səfəri barədə bir neçə dildə çoxsaylı materiallar yayıb. Çin mediası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibəsindən xəbərlər hazırlayaraq oxucularına təqdim edib.
Qardaş ölkə Türkiyənin “Anadolu” agentliyinin “Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq bəyanatı qəbul edilib” başlıqlı xəbərində dövlətimizin başçısının Çindəki təmasları çərçivəsində iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulmasına dair Birgə Bəyanat və bir sıra sazişlər, o cümlədən vizadan azadolma sənədinin imzalandığı qeyd olunub. DHA-nın “Çin lideri ilə Azərbaycan Prezidentindən strateji tərəfdaşlıq mesajı” adlı xəbərdə Si Cinpinin “Pekin Bakı ilə qarşılıqlı hörmət və ədalətə əsaslanan əməkdaşlıqda maraqlıdır” fikri vurğulanıb. Xəbərdə qeyd olunub ki, Prezident İlham Əliyev Azərbaycanın “Vahid Çin” prinsipinə sadiq olduğunu bildirib, Çinin Qlobal İnkişaf, Qlobal Təhlükəsizlik və Qlobal Sivilizasiya təşəbbüslərinin dünyada sülh, sabitlik və rifah üçün imkanlar yaratdığını vurğulayıb. “CNN Türk” telekanalının Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Çinə səfəri ilə bağlı xəbərində Si Cinpinin “Çin Azərbaycan ilə münasibətlərə strateji və uzunmüddətli perspektivdən baxır və inkişaf etdirir” fikri vurğulanıb, Pekinin Bakı ilə hərtərəfli əməkdaşlıqda yeni səhifə açmağa hazır olması faktı qabardılıb. “Haber Global” telekanalı, “İhlas” xəbər agentliyi Azərbaycan Prezidentinin Çinə səfərinə dair xəbərlər yayıb. ‘Milliyet’ qəzeti Azərbaycan Prezidenti və Çin Xalq Respublikasının Sədrindən “strateji tərəfdaşlıq” mesajı” adlı xəbərində iki ölkə arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb, vizadan azad edilməsi haqqında sazişin imzalandığı diqqətə çatdırılıb.
“TRT Avaz”, NTV və digər media qurumları da dövlətimizin başçısının Çin səfərini diqqətdə saxlayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri Rusiya mətbuatında da geniş işıqlandırılıb. TASS agentliyinin məqaləsində Çin liderinin “tarif və ticarət müharibələri bütün ölkələrin qanuni hüquq və maraqlarına zərər vurur, çoxtərəfli ticarət sistemini sarsıdır və dünya iqtisadi nizamını pozur” sözləri sitat gətirilir. Bildirilib ki, Si Cinpin BMT Nizamnaməsi və beynəlxalq hüquq prinsiplərinə əsaslanan beynəlxalq nizamın qorunması üçün Çinin Azərbaycanla birgə işləməyə hazır olduğunu vurğulayıb. “Nezavisimaya qazeta”nın Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfərinə həsr olunmuş geniş analitik məqaləsində səfərin iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsinə xidmət etdiyi qeyd olunub. Nəşr Prezident İlham Əliyevin Sinxua agentliyinə müsahibəsinə də toxunub. Oxucuların diqqətinə çatdırılıb ki, həmin müsahibədə Prezident beynəlxalq məsələlərdə əməkdaşlığı genişləndirməyə və iki dövlətin maraqlarını birgə müdafiə etməyə hazır olduğunu vurğulayıb. Yazıda Çinlə təmasların gücləndirilməsini Orta Dəhliz layihəsi, regionda nəqliyyat və iqtisadi inteqrasiya imkanları ilə əlaqələndirən ekspertlərin fikirlərinə də yer verilib. “Vestnik Kavkaza” nəşri dövlət başçılarının Pekində keçirilmiş görüşünün yekunu olaraq qəbul edilmiş Birgə Bəyanat barədə ətraflı məqalə dərc edib. Qeyd olunub ki, görüşdə BMT mərkəzli dünya nizamının və BMT Nizamnaməsinin prinsiplərinə əsaslanan beynəlxalq nizamın dəstəklənməsi diqqət mərkəzində olub. “Kommersant” qəzeti Çin Sədri Si Cinpinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında görüşü işıqlandırıb, danışıqların iqtisadi və ticarət aspektlərinə diqqət yetirib. Məqalədə tarif müharibələrinə qarşı kəskin çıxış edən və onların “qlobal iqtisadi nizamı və ticarət sistemini pozduğunu, ölkələrin hüquq və maraqlarını pozduğunu” qeyd edən Çin liderinin bəyanatlarından sitat gətirilir. “Böyük Asiya” informasiya portalı yazıb ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinlə Azərbaycan Prezidenti İlham Əliyevin apardıqları danışıqların əsas nəticəsi iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması olub. Nəşrdə vurğulanır ki, səfər çərçivəsində 20-dən çox sənəd, o cümlədən qarşılıqlı vizasız gediş-gəliş haqqında saziş imzalanıb. “RİA Novosti” Çinin Sədri Si Cinpinin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqları zamanı səsləndirdiyi bəyanatlarla bağlı məqalə dərc edib. Bildirilib ki, Çin lideri ticarət müharibələrinin dağıdıcı nəticələri barədə xəbərdarlıq edib. “EADaily” agentliyi Pekində Azərbaycan Prezidenti İlham Əliyev və Çinin Sədri Si Cinpin arasında keçirilən danışıqların yekunları üzrə imzalanmış Birgə Bəyanatın əsas məqamlarını işıqlandırıb. Azərbaycanın təklif etdiyi sülh gündəliyinə Çinin güclü dəstəyi diqqət mərkəzində olub. Bəyanatda tərəflərin əks-məhsuldar adlandırdıqları qarşıdurma xarakterli geosiyasi oyunlar pislənilib.
“ Reuters” agentliyinin “Çin Sədri Si Pekində Azərbaycan lideri ilə görüşür” adlı xəbərində səfərin detallarından söz açılıb.
İtaliyanın “FarodiRoma” nəşri “Azərbaycan və Çin strateji tərəfdaşlıq sazişi və bir çox başqa sənədlər imzalayıb” adlı xəbərdə geniş məqalə dərc olunub. Məqalədə iki ölkə arasında imzalanan sənədlər, o cümlədən Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat barədə məlumat verilib. “Nova.news” və “4coffshore.com” onlayn nəşrləri Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində Azərbaycan ilə Çin şirkətləri arasında enerji sahəsində bir neçə əməkdaşlıq sənədinin imzlandığını yazıb.
Küveytin KUNA agentliyi, Gürcüstanın “Primetime.ge” nəşri, “1tv” və “Ajara tv” kanalları dövlətimizin başçısının Çinə səfəri, xüsusən də iki ölkə arasında imzlanan sənədlər haqqında ətraflı məlumat yayıblar.
İranın “Tasnim” agentliyinin mövzu ilə bağlı xəbərində qeyd olunur ki, səfər çərçivəsində imzalanan çoxsaylı sənədlər Bakı və Pekinin yeni dövrdə münasibətləri daha da inkişaf etdirmək və mövcud potensialdan hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində istifadə etmək əzmindən xəbər verir. ISNA agentliyi isə yazır ki, Çin Sədri Si Cinpin çərşənbə günü Pekində Azərbaycan lideri İlham Əliyevlə görüşüb və tərəflər Bakı ilə Pekin arasında hərtərəfli strateji əməkdaşlığın başlandığını elan ediblər. “Jahannews.com” nərşi Prezident İlham Əliyevin səfər öncəsi Sinxua agentliyinə müsahibəsində səsləndirdiyi fikirlərdən sitatlar gətirərək, Azərbaycan-Çin münasibətlərinin qədim tarixə və yaxşı ənənələrə söykənərək, yüksələn istiqamətdə inkişaf etdiyi vurğulanıb.
Cənubi Koreyanın “newsis.com” nəşri “Associated Press”ə istinadla Azərbaycan Prezidentinin Çində dövlət səfərində olduğunu yazıb.
Ukraynanın “Ukrinform” agentliyi, “Prabdatut”, “Kurs Ukraini”, “Ekonomiçni novinki” nərşləri də dövlətimizin başçısının Çinə səfərinə dair bir neçə material yayıb, səfəri ətraflı şərh ediblər. (AZERTAC)