23.04.2025, 23:25
AZ EN
23.04.2025, 16:14 73

Fuad Hüseynəliyev: Paşinyan və komandası əhalini konstitusiya dəyişikliklərinin zəruriliyinə inandırmalıdır

XƏBƏRLƏR
  • Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq istəyirsə, konstitusiyaya dəyişikliklər etməlidir.

Bu barədə “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalının efirində bildirib.

"Ermənistanın baş naziri Nikol Paşinyan vaxtaşırı Ermənistan Konstitusiya Məhkəməsinin ölkə Konstitusiyasında Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını bildirən müəyyən qərarına istinad edir. Lakin konstitusiya Müstəqillik Bəyannaməsinə istinad edir, orada isə belə iddialar mövcuddur. Bu, təbii ki, Azərbaycan tərəfində etimad doğurmur", - F.Hüseynəliyev qeyd edib.

O vurğulayıb ki, Paşinyan və onun komandası ölkə əhalisini konstitusiya dəyişikliklərinin zəruriliyinə inandırmalıdır.

F.Hüseynəliyevin sözlərinə görə, Ermənistanın növbəti hökuməti revanşist əhvali-ruhiyyədə olarsa, konstitusiyanın dəyişdirilməsi ona sülh müqaviləsini ləğv etməyə və Azərbaycana qarşı yenidən ərazi iddiaları irəli sürməyə imkan verməyəcək.

Agentliyin direktoru vurğulayıb ki, Ermənistanda keçmiş prezidentlər Serj Sarqsyan, Robert Koçaryan və Levon Ter-Petrosyan kimi aparıcı siyasi xadimlərin ətrafında revanşist qüvvələr xeyli fəallaşıb. Onun fikrincə, buna baxmayaraq, Ermənistanda sülh əhvali-ruhiyyəsində olan kifayət qədər çox insan var.

"Düşünürəm ki, Ermənistan cəmiyyətində konstitusiya dəyişikliklərinin zəruriliyini istəyən kifayət qədər insan var. Əhalinin dəyişikliklərə səs verməyə hazır olub-olmaması isə Paşinyan hökumətinin bu dəyişikliklər nəticəsində yaranacaq üstünlükləri necə təqdim və nümayiş edəcəyindən asılı olacaq", - o bildirib.

F.Hüseynəliyev bildirib ki, Paşinyanın siyasəti ziddiyyətlər və məntiqsizliklərlə doludur. Problemli mövzulardan biri ATƏT-in Minsk qrupunun gələcəyidir: "Paşinyanın sülh sazişi imzalandıqdan sonra Minsk qrupunun ləğv edilməsinin zəruri olduğu barədə son bəyanatı şərt kimi görünür".

O xatırladıb ki, Minsk qrupu “Dağlıq Qarabağ münaqişəsi" çərçivəsində yaradılıb: "Lakin belə bir məsələ artıq mövcud deyil. Minsk qrupunun mandatı yalnız bu məsələ ilə məhdudlaşırdı ki, bu da artıq aktual deyil".

F.Hüseynəliyev əlavə edib ki, sülh sazişinin imzalanması prosesinə Fransa kimi üçüncü qüvvələr də müdaxilə edir. Onun fikrincə, Paris Cənubi Qafqazda vəziyyətin normallaşmasını Fransanın daxili siyasətinə təsir göstərən geosiyasi təhdid kimi görür.

"Əsas sual ondan ibarətdir ki, Ermənistan Azərbaycanla sülh prosesinə Fransanın mənfi təsir göstərməsinin qarşısını almaq üçün nə qədər məntiqli davranacaq", - o fikrini yekunlaşdırıb. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR