"Ermənistanda “5-ci kolon” fəaliyyətini davam etdirir, onlar parlamentdə də fəaliyyət göstərirlər".
"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan parlamentin spikeri Alen Simonyan müxalifətə müraciətində deyib. Spiker qeyd edib ki, həmin şəxslər bir şəbəkə olaraq rəqiblərlə harmoniyada işləyirlər, bəzən rus dilində danışırlar, amma bu, heç nəyə gətirib çıxarmır: "Çünki müxalifətin məqsədi hakimiyyətə gəlmək deyil, buna kifayət qədər dəlillər var. Əgər hökuməti devirmək istəyirdinizsə, Vazgen Manukyanı gətirmək nəyə lazım idi? Əgər kreslo belə yaxşıdırsa, niyə heç kim onu almağa cəsarət etmədi? Vazgen Manukyanı gətirdiniz, çünki sizə hökuməti götürmək lazım deyildi, ona görə ki, məsuliyyət işidir. Sonra da istəmədiniz, ona görə Kanada vətəndaşını (Baqrat Qalstanyanı nəzərdə tutur) gətirdiniz”.
Simonyan əlavə edib ki, müxalifət indi də hakimiyyəti ələ keçirmək istəmir və onların məqsədi növbəti parlamentdə müəyyən qədər yer tutmaqdır: “Reallıqda müxalifət dalandadır və bu, ciddi siyasi dalandır”.
Xatırladaq ki, 44 günlük müharibədən sonra İrəvanda hakimiyyət əleyhinə aksiyalar başlamışdı. Müxalif hərəkata rəhbərlik o zaman sabiq baş nazir Vazgen Manukyana həvalə olunmuşdu. Aksiyalardan sonra 2021-ci ilin yayında Nikol Paşinyan hökuməti erkən seçkilərə getsə də, müxalifət məğlub olmuşdu. Baqrat Qalstanyanın ötən ilin yayında keçirdiyi aksiyalar da nəticəsiz bitmişdi.
Elxan SALAHOV