19.04.2025, 09:44
AZ EN
17.04.2025, 13:47 203

Erməni nazir yenə yalan danışır

XƏBƏRLƏR
  • "Avropalı müşahidəçilərin mandatı Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesinin dəstəklənməsinə, eləcə də sərhəd xətti boyunca sabitliyin təmin edilməsinə yönəlib. Sülh müqaviləsi imzalanandan və qüvvəyə minəndən sonra missiyaya ehtiyac aradan qalxacaq".

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin media təmsilçiləri ilə görüşdə Avropa İttifaqının müşahidəçi missiyasının fəaliyyətinə dair sualları cavablandırarkən belə deyib. O, Azərbaycan tərəfindən Avropa İttifaqının müşahidəçi missiyasına və onun sərhəddə monitorinq aparmasına müsbət yanaşmadığını söyləyərkən rəsmi Bakıya qarşı yalan ittihamlar səsləndirib: "Bəzən bizdə belə bir təəssürat yaranır ki, Azərbaycan Ermənistanla sadəcə olaraq sülh qurmaq istəmir. Bunun hansı hesablamalara əsaslandığını deyə bilmərəm, amma həqiqətən də narahatlığımız var ki, Azərbaycan rəsmiləri nizamlanma prosesinin başa çatmasını, danışıqların yekunlaşmasını və sülh sazişinin imzalanmasını istəmirlər".

Erməni nazir nizamlanma prosesində başqa istiqamətlərin də olduğunu deyib. Ararat Mirzoyanın sözlərinə görə, Ermənistan Xarici İşlər Nazirliyi kommunikasiyaların bərpasına və qarşılıqlı etimadın möhkəmləndirilməsinə yönəlmiş bir sıra təkliflərini Bakıya təqdim edib: "Bunlar ağlabatan və real təkliflərdir. Təəssüf ki, hələlik heç bir konstruktiv cavab almadıq. Ümumi təəssürat ondan ibarətdir ki, Azərbaycan tərəfi sadəcə olaraq nizamlanma prosesinin başa çatmasında maraqlı deyil".

Vətən müharibəsindən sonrakı müddətdə müxtəlif hərəkət və bəhanələrlə sülh danışıqları prosesini tormozlayan Ermənistan rəsmisi yenə də günahı Azərbaycanın üstünə atmağa çalışıb. O, hətta Azərbaycan tərəfini sərt ritorikada günahlandırıb: "Azərbaycan rəhbərliyinin ritorikası və vəziyyətin real inkişafı yerlərdə gərginliyə səbəb ola bilər”.

Ermənistanın xarici işlər nazir Bakı və İrəvan arasında təmaslar, növbəti görüşlər, sülh sazişinin harada və necə imzalanacağı barədə suala konkret cavab verməyib: "Bu barədə indi heç nə deyə bilmərəm. Azərbaycanın mövqeyi belədir ki, bu və ya digər tələb yerinə yetirilməyənə qədər bu məsələni müzakirə etməyəcəklər. Onlar məsələni belə qoyur - əvvəl birinci, sonra ikinci, sonra üçüncü və s. Bu, reallıqdır, lakin biz onlarla ünsiyyətimizi davam etdiririk".

Ararat Mirzoyan ölkəsinin konstitusiya dəyişiklikliyinə gedəcəyi barədə məlumatları da dolayısı ilə təsdiqləyib. Lakin onun fikrincə, konstitusiyaya dəyişiklikliyi Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması ilə əlaqələndirmək rəsmi Bakı tərəfindən konstruktiv yanaşma deyil".

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR