Milli identitetin güclənməsi: Zəfərin təsiri
Vətən müharibəsindəki Zəfər yalnız tarixi bir qələbə deyil, eyni zamanda, Azərbaycan xalqında milli identitetin güclənməsinə səbəb oldu. Bu, yalnız daxili siyasətdə deyil, beynəlxalq münasibətlərdə də təsirli bir faktora çevrildi. Azərbaycanın müstəqilliyini və suverenliyini daha da möhkəmləndirmək, dünya birliyində özünü tanıtmaq üçün bu milli qürur hissi mühüm rol oynadı. Bu günün qeyd edilməsi, beynəlxalq platformalarda Azərbaycanın mübarizəsini və tarixi ədalətini ön plana çıxardı. Həmin hadisə, gənc nəsillərə öz tarixi ilə fəxr etməyə imkan tanıyır. Bu günün qeyd edilməsi, Azərbaycanın müstəqilliyi və suverenliyinin tanınması üçün müxtəlif beynəlxalq tədbirlərdə və platformalarda müzakirələrə səbəb oldu. Məsələn, Azərbaycanın müstəqilliyi, BMT, ATƏT və digər beynəlxalq təşkilatlarda ön plana çıxarıldı. Bu cür müzakirələr Azərbaycanın haqqını müdafiə edən ölkələrin dəstəyini artırdı. Bundan başqa, həmin hadisə Azərbaycan diasporu ilə olan əlaqələrin inkişafına da təsir etdi. Xaricdə yaşayan azərbaycanlılar, bu günü öz ölkələrində qeyd edərək, milli identitetlərini gücləndirmək üçün fəaliyyətlər təşkil etdilər. Diaspor təşkilatları Zəfər Gününün qeyd edilməsi ilə bağlı tədbirlər keçirərək, ölkəmizi dünya səhnəsində tanıdır. Bu, həm də beynəlxalq aləmdə ölkəmizin müstəqilliyinin və suverenliyinin tanınmasına müsbət təsir edir. Bir sözlə, Qarabağ Zəfəri Azərbaycanın gələcək inkişafı üçün mühüm bir mərhələ oldu.
Regionda geosiyasi dəyişikliklər və tərəfdaşlıqlar
Vətən müharibəsində Azərbaycanın Zəfəri Cənubi Qafqazda geosiyasi dinamikanın dəyişməsinə səbəb oldu. Ermənistan-Azərbaycan münaqişəsinin həlli, regiondakı digər dövlətlərin, - xüsusən də Rusiya, İran və Türkiyənin, - strateji maraqlarına birbaşa təsir etdi. Azərbaycanın uğurlu diplomatiyası və ərazi bütövlüyü uğrunda mübarizəsi, Türkiyənin Azərbaycana dəstəyi və bölgədəki nüfuzunu artırması, müasir geosiyasi mühitin formalaşmasına təsir göstərdi.
Beynəlxalq təşkilatlarla əlaqələr - Zəfərdən sonra Azərbaycanın irəliləyişi
Qarabağ Zəfəri beynəlxalq təşkilatlarla olan əlaqələrin inkişafına təsir etdi. Azərbaycanın müstəqil və güclü bir dövlət kimi beynəlxalq aləmdə tanınması təşkilatlarda daha fəal iştirak etməyə imkan verdi. Bu, münaqişədən sonrakı proseslərdə ölkəmizin maraqlarının qorunmasına və inkişafına şərait yaratdı. Eyni zamanda, bu Qələbə beynəlxalq hüquq və ədalət prinsipinin bərqərar edilməsi üçün bir platforma oldu.
Birləşmiş Millətlər Təşkilatı (BMT) – Bu Zəfər Azərbaycanın BMT-dəki rolunu daha da möhkəmləndirdi. Azərbaycan BMT-nin beynəlxalq hüququn və münaqişələrin dinc yolla həllinin təmin edilməsi sahəsindəki prinsiplərinə sadiq olduğunu bir daha göstərdi. 2020-ci ildən etibarən Azərbaycan BMT-nin müxtəlif tədbirlərində, o cümlədən münaqişəsonrası bərpa və inkişaf müzakirələrində fəal iştirak etdi. Bu da Azərbaycanın beynəlxalq aləmdəki səsini daha da yüksəltdi. 2021-ci ildə BMT-nin ölkə üzrə idarə heyəti və Azərbaycan Hökuməti 2021-2025-ci illər üçün BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə (UNSDCF) sənədini imzalayıblar. Çərçivə sənədi tərəfdaşlıq üçün müxtəlif prioritet sahələri müəyyən edir.
İslam Əməkdaşlığı Təşkilatı (İƏT) – Bu şanlı Qələbə Azərbaycanın İslam Əməkdaşlığı Təşkilatındakı rolunu da gücləndirdi. Müharibə sonrası proseslərdə İƏT ölkələrinin Azərbaycanın mövqeyini dəstəkləməsi üçün bir platforma yarandı. Azərbaycanın tarixi Zəfəri İƏT çərçivəsində müxtəlif müzakirələrdə gündəmə gəldi və təşkilatın Azərbaycanın suverenliyinə dəstək verməsi üçün zəmin yaratdı.
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) - Qarabağ Zəfəri Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatındakı mövqeyini də gücləndirdi. Bu təşkilat Azərbaycanın regiondakı müsbət imicini və strateji əhəmiyyətini artırdı. Azərbaycan ŞƏT çərçivəsində təhlükəsizlik, iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığı inkişaf etdirmək üçün fəal iştirak etdi.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı – Bu Zəfər Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında da fəaliyyətini artırdı. Bu təşkilat Azərbaycanın iqtisadi potensialını artırmaq üçün yeni imkanlar yaratdı. Zəfərdən sonra Azərbaycan bu təşkilat çərçivəsində ticarət, enerji və nəqliyyat sahələrində yeni layihələrə imza atdı.
Bir sözlə, Qarabağ Zəfəri Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələrinin inkişafına ciddi təsir etdi. Ölkəmizin beynəlxalq aləmdə tanınmasını artırdı, müstəqillik və suverenlik prinsipini ön plana çıxardı. Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla əlaqələrini gücləndirməsi ölkəmizin beynəlxalq hüquq, ədalət və dinc münaqişə həlli prinsiplərinə sadiqliyini bir daha təsdiqlədi.
İqtisadi inkişaf və xarici investisiya cəlbi
Qarabağ Zəfəri Azərbaycanın iqtisadi inkişafına müsbət təsir göstərdi, ölkənin investisiya mühitini yaxşılaşdırdı və xarici sərmayələrin cəlb edilməsinə imkan tanıdı. Azərbaycanın enerji resursları, onun strateji əhəmiyyətini daha da artırdı. Regionda sülhün bərqərar olunması, ticarət və iqtisadi əməkdaşlığın inkişafına müsbət təsir etdi. Bu, Azərbaycanın xarici siyasətində iqtisadi diplomatiyanın daha da önə çıxmasına səbəb oldu. Qələbədən sonrakı dövrdə Azərbaycanın iqtisadi inkişafı, investisiya mühiti, xarici ticarət və digər iqtisadi göstəricilərdə bir sıra müsbət dəyişikliklər baş verdi. Bu dövrə aid statistikalara və iqtisadi təsirlərə nəzər salaq:
İnvestisiya mühitinin yaxşılaşması. 2021-ci ildə Azərbaycanın cəlb etdiyi xarici investisiyalar 2020-ci ilə nisbətən 30 faiz artaraq 2,3 milyard dollar olub. Zəfərdən sonrakı dövrdə Azərbaycan beynəlxalq investorlar üçün əlverişli mühit yaratmağa yönəlmiş yeni qanunvericilik və təşviq proqramları tətbiq etdi. 2021-ci ildən etibarən investisiya təşviqinin gücləndirilməsi məqsədilə 15 yeni sərmayə layihəsi təsdiqlənib.
İqtisadi artım. Ümumi Daxili Məhsul (ÜDM) - 2021-ci ildə Azərbaycanın ÜDM-i 5,6 faiz artıb. Bu artım müharibədən sonra bərpa prosesi, enerji sektoru və qeyri-neft sektoru vasitəsilə əldə edilib. Neft sektoru 2021-ci ilin ilk yarısında ölkənin ixracının 95 faizini təşkil edərək 8,2 milyard dollar dəyərində neft ixrac edib.
Ticarət dövriyyəsi - 2021-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 30 faiz artaraq 30 milyard dolları keçib. Bu dövr ərzində qeyri-neft ixracı 20 faiz artaraq 1,5 milyard dollar olub.
Ticarət əməkdaşlığı - Zəfərdən sonra Azərbaycanın Türkiyə, Rusiya və digər qonşu ölkələrlə ticarət əlaqələri gücləndirilib. Məsələn, 2021-ci ilin yanvar-iyul aylarında Türkiyə ilə ticarət dövriyyəsi 25 faiz artıb.
Enerji resurslarının idarə edilməsi. 2021-ci ildə Azərbaycanın enerji ixracı, əsasən Avropa İttifaqına 30 faiz artaraq 10,5 milyard dollar dəyərində olub. Bu, Azərbaycanın enerji resurslarının strateji əhəmiyyətini daha da artırıb.
Yeni enerji layihələri – Qələbədən sonra Azərbaycanın “Şahdəniz 2” və “Cənub Qaz Dəhlizi” layihələrinin həyata keçirilməsi ilə enerji infrastrukturu inkişaf edib.
Regionda sülhün bərqərar olunması. Regionda sülhün bərqərar olması iqtisadi əməkdaşlığın inkişafına imkan yaradıb. 2021-ci ildən etibarən, Azərbaycanın Ermənistanla iqtisadi əlaqələrinin yenidən qurulması istiqamətində danışıqlar aparılıb. Qələbədən sonrakı dövrdə yeni nəqliyyat və infrastruktur layihələri, məsələn, Zəngəzur dəhlizi, regionda iqtisadi inkişafı sürətləndirmək məqsədini daşıyır. Qarabağ Zəfəri Azərbaycanın iqtisadiyyatında əhəmiyyətli dəyişikliklərə səbəb oldu. İnvestisiya mühitinin yaxşılaşması, xarici investisiyaların artması, iqtisadi artım, enerji resurslarının idarə edilməsi və regional sülhün bərqərar olması Azərbaycanın iqtisadi inkişafına müsbət yöndə təsir etdi. Bu dəyişikliklər, ölkəmizin beynəlxalq aləmdəki mövqeyini gücləndirdi və iqtisadi diplomatiyanın daha da önə çıxmasına səbəb yaratdı.
Diplomatik münasibətlər
Şanlı Zəfər Azərbaycanın diplomatik münasibətlərini də gücləndirdi. Müxtəlif ölkələrlə, o cümlədən qonşu dövlətlərlə münasibətlərin inkişafı, müstəqil xarici siyasətin daha da effektiv olmasına yol açdı. Bu, Azərbaycanın beynəlxalq aləmdəki təsirini artıraraq yeni müttəfiqlər qazanmağa imkan yaratdı. Qeyd edilən 8 Noyabr - Zəfər Günü yalnız milli bayram deyil, eyni zamanda, beynəlxalq münasibətlərdə geniş təsirə malik bir hadisədir. Bu, Azərbaycanın milli birliyini, identitetini və müstəqilliyini gücləndirərək regiondakı geosiyasi mühiti dəyişdirib, beynəlxalq təşkilatlarla olan əlaqələri möhkəmləndirib, iqtisadi inkişafın yeni imkanlarını açıb və diplomatik münasibətləri daha da gücləndirib. Vətən müharibəsindəki Qələbə Azərbaycan üçün yeni bir dönəmin başlanğıcıdır və bu, gələcəkdə beynəlxalq münasibətlər sistemində də öz əksini tapacaq. (AZERTAC)