"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, təkliflər həm delimitasiya yanaşmalarını, həm də işlərin davam etdirilməsi təklif olunan konkret sahələri əhatə edir: "Biz Azərbaycan tərəfinə prosesin davam etdirilməsi ilə bağlı məntiq və konkret istiqamətləri əhatə edən yazılı təkliflər təqdim etmişik. Hazırda onların cavabını gözləyirik”.
Paşinyan onu da əlavə edib ki, ilkin razılaşmaya əsasən, tərəflər şimaldan cənuba doğru – Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin qovşağından başlayaraq İranla sərhədə doğru hərəkət etməyi planlaşdırılır. Onun sözlərinə görə, Ermənistan tərəfi rəsmi Bakıya təqdim etdiyi yeni təkliflərdə növbəti mərhələnin hansı sahədə başlana biləcəyini də göstərib.
Xatırladaq ki, Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının nümayəndələri delimitasiyanın ikinci mərhələsi ilə bağlı bir neçə dəfə görüşüblər. Birgə komissiyanın ötən il həyata keçirdiyi demarkasiya prosesi çərçivəsində Qazaxın Aşağı Əskipara, Bağanis Ayrım, Xeyrimli və Qızılhacılı kəndləri Azərbaycana təhvil verilib. Həmçinin Kirants kəndindən başlayaraq sərhəd xətti çəkilib və kəndin yarısı Azərbaycanın, yarısı Ermənistanın nəzarətində təsdiqlənib. Ermənistanla delimitasiyanın növbəti mərhələsində Azərbaycana məxsus 4 eksklavın - Qazax rayonunun Sofulu, Barxudarlı və Yuxarı Əskipara, Naxçıvanın isə Kərki kəndlərinin taleyi müəyyən ediləcək.
Elxan SALAHOV