"ATƏT-in Minsk Qrupunun buraxılması barədə sənəd Azərbaycanla Ermənistan arasında sülh razılaşması ilə birlikdə imzalana bilər".
"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Antalya Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsində deyib. Erməni nazir ATƏT Minsk Qrupunun buraxılması barədə sənədin sülh razılaşması ilə birlikdə imzalanmasını təklif edib. O, qeyd edib ki, artıq Azərbaycan və Ermənistan arasında ərazi münahisələri ilə bağlı münaqişə de-fakto yoxdur. Belə olan halda ATƏT-in Minsk Qrpupuna da ehtiyac qalmır: “Bu strukturlar münaqişə olmadığı zaman ləğv edilə bilər. Maraqlı sual budur ki, bizim münaqişəmiz var, yoxsa yox? Yerdə bizim de-fakto münaqişəmiz yoxdur. Kağız üzərində isə imzalanmış və rartifikasiya edilmiş sülh və dövlətlərarası əlaqələrin bərpasına dair razılaşmamız yoxdur. Bizim üçün həll aydındır – biz razılaşma imzalamalıyıq. Münaqişəyə institusional qaydada son qoymalıyıq və istəyirsinizsə bunu (Minsk Qrupunu – red.) elə eyni gündə də ləğv edə bilərik. Cəmi 10 dəqiqəlik fərqlə, bir sənədin ardınca digəri. Mən hətta demirəm ki, hansı sənəd birinci imzalanmalıdır”.
Xatırladaq ki, rəsmi Bakı Ermənistanla sülh müqaviləsinin imzalanması üçün iki əsas şərt irəli sürüb. Bunlardan biri ATƏT-in Minsk Qrupunun buraxılması, digəri isə Ermənistanın öz konstitusiyasını dəyişərək ölkənin ana qanununda Azərbaycana qarşı ərazi iddialarına dair iddiaların çıxarılması barədədir. Prezident İlham Əliyev aprelin əvvəlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə Bakıda keçirilən görüşdə bu şərtləri bir daha bəyan edib: "Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bu günə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birinci, ATƏT-in Minsk qrupu ləğv edilməlidir. İkinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında Ermənistan müstəqillik aktına istinad var. O konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisi Ermənistanla birləşməsi haqqında müddəa var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir. Bu iki şərt təmin olunandan sonra sülh müqaviləsini imzalanmaq üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər Ermənistan doğurdan da sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir".
Elxan SALAHOV