"Vətən səsi" xəbər verir ki, Ernənistan mətbuatında bu barədə yayılan məlumatları rəsmi qurumlar təsdiqləyib. Tavuş vilayətinin Açarkut kənd icmasının keçmiş üzvü Karen Qazaryan bəzi ərazilərin minalardan təmizləndiyini və çıxarılan qurğuların partladılacağını bildirib. O, Tavuşda üç kəndin Azərbaycana təhvili üçün hazırlıq görüldüyünü deyib: “Yeni güzəştlər üçün demək olar ki, hər şey hazırdır. Bu gün səhər saatlarından etibarən İcevan icmasının tərkibinə daxil olan Azatamut-Kayanavan-Aygehovit kəndləri ərazisində basdırılan minalar çıxarılıb, artıq onların partladılması üzrə işlər görülür. SSRİ dövründə azərbaycanlıların məskunlaşdığı Yuxarı Voskepar (Yuxarı Əskipara) adlanan ərazi təhvil veriləcək. Bununla da Lori bölgəsi sərhədə çevriləcək, Açarkut kəndi isə üçtərəfli şəkildə Azərbaycan əraziləri ilə əhatə olunacaq. Prosesin davamında Sofulu və Bərxudarlı adlanan kəndlər də təslim ediləcək. Nəticədə Gürcüstan-Ermənistan dövlətlərarası avtomobil yolunun 70 faizlik hissəsi Azərbaycanın nəzarətinə keçmiş olacaq”.
Karen Qazaryan delimitasiya prosesinin yeni başlayan mərhələsində daha 3 kəndin Azərbaycana təhvil veriləcəyini söyləyib.
Ermənistanın rəsmi qurumları sözügedən 3 yaşayış məntəqəsinin geri qaytarılacağına dair məlumatı da inkar etməyib.
Elxan SALAHOV