21.02.2025, 18:04
AZ EN
20.02.2025, 10:37 174

Paşinyan erməniləri konstitusiya dəyişikliyinə hazırlayır

XƏBƏRLƏR
  • Ermənistan konstitusiyaya dəyişişklik edilməsi ilə bağlı Azərbaycanın haqlı tələbini yerinə yetirməyə hazırlaşır. Baş naziri Nikol Paşinyan erməni xalqına dünənki müraciətində Ermənistanda konstitusiyanın dəyişdirilməsi üçün referendum keçirilməsinin vacibliyini bildirib.

"Vətən səsi xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, konstitusiya dəyişikliyini nəzrdə tutan referendumun keçirilməsi Azərbaycanla sülh sazişinin imzalanması ehtimalını artıracaq. Qeyd olunur ki, Paşınyan xalqa videomüraciətində qonşularla, o cümlədən Azərbaycanla sülh şəraitində münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb: “Sülh xarici dəstək olmadan qonşular arasında yaşamaq bacarığıdır. Sülh bərqərar olduqdan sonra bu, iqtisadi, siyasi və mədəni əməkdaşlıqda özünü ifadə edən xarici əlaqələrin son məqsədi olmaqda davam edir. Sülh, ilk növbədə, regional amildir, çünki sülh və ya onun olmaması ilk növbədə yaxın qonşularla münasibətlərdə, sonra beynəlxalq, daha sonra isə qlobal səviyyədə ifadə olunur. Strateji və uzunmüddətli mənada sülh o zaman mümkündür ki, bu, kənar dəstək olmadan qonşularla əməkdaşlıq mühitində yaşamaq bacarığı ilə ifadə edilməli olan bir bacarıq halına gəlir. Sülh təhlükəsizliyin ən etibarlı təminatıdır. Təhlükəsizliyin təmin edilməsinin ən mühüm komponentləri region ölkələrinin qarşılıqlı asılılığı, ölkənin regional və qlobal təchizat və ticarət zəncirindəki yeridir”.

Nikol Paşinyan bundan əvvəl dəfələrlə bildirib ki, konstitusiya layihəsi də daxil, islahatlar üçün xüsusi şuranın yaradılmasını hələ 2018-ci ildə hakimiyyətə gəldiyi zaman təklif etmişdi. O, Ermənistanın hazırkı ana qanununun dəyişdirilməsi məqsədilə 2022-ci ildə Konstitusiya İslahatı Şurası yaradıb. Həmin qurum Ermənistanın tamamilə yeni konstitusiyasının layihə mətnini 2027-ci ilin yanvarınadək hazırlamalıdır.

Azərbaycan prezidenti və başqa Azərbaycan rəsmiləri son həftələrdə bəyan edirlər ki, iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişdirilməsi şərtdir. Bundan əvvəl prezident İlham Əliyev demişdi ki, Ermənistanın müstəqillik haqqında bəyannaməsində Qarabağın Ermənistanla birləşdirilməsinə birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın konstitusiyasında öz əksini tapıb. Onun sözlərinə görə, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Paşinyan da ötən fevral ayında indiki konstitusiyanı tənqid edərək bildirmişdi ki, bu müddəalar ana qanunda qaldıqca Ermənistan və Azərbaycan arasında heç vaxt sülh olmayacaq.

Artıq erməni mətbuatı vaxtaşırı bu ölkədə yaxın zamanda konstitusiya dəyişikliyi ilə bağlı referendumun keçiriləcəyini yazır.  İrəvan rəsmiləri mövcud konstitusiya və Müstəqillik Bəyannaməsinin Ermənistan dövlətinin mövcudluğuna mane olduğunu daha tez-tez etiraf edir. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh sazişi, sərhədlərin delimitasiya və demarkasiyasına başlıca maneə konstitusiyadır. Çünki bu ölkənin qüvvədə olan konstitusiyası Azərbaycana qarşı müharibə aparmağa, ərazi iddiası etməyə əsas verir.  Erməni politoloq Suren Surenyants məsələnin başqa tərəfinə nəzər salaraq qeyd edir:  "Azərbaycan prezidenti İlham Əliyevin konstitusiyanı dəyişdirməsi tələbini Paşinyanın özü bir neçə ay əvvəl qanuniləşdirib. Görünən odur ki, Paşinyan bu gərginlikdən istifadə etməyə cəhd edərək, Azərbaycanla danışıqlarda vaxt qazanmaq istədi. Lakin İlham Əliyev başa saldı ki, Paşinyana bu imkanı vermək niyyətində deyil". 

Xatırladaq ki, Paşinyanın təşəbbüsü ilə 2020-ci il fevralın 6-da "Mənim addımım" blokunin təklifi əsasında Milli Məclisə Ermənistan Konstitusiyasına dəyişiklik edilməsinə dair qanun layihəsi ilk oxunuşda qəbul olunmuşdu. Bundan bir neçə gün sonra isə prezident Armen Sarkisyan referendum keçirilməsi ilə bağlı fərman imzalayıb. Sonradan baş verən hadisələr bu dəyişiklik və referendum təklifini təxirə salıb. İndi prosesi yenidən canlandırmaq zərurətə çevrilib.

Oxşar xəbərlər