Bu fikirləri açıqlamasında Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver ifadə edib.
Professor deyib ki, Prezident İlham Əliyevin düzgün siyasəti nəticəsində bu gün Azərbaycan təkcə Qafqazda deyil, qlobal arenada da sülh, sabitlik və inkişaf nümunəsi, təhlükəsiz ölkə kimi tanınır. “Bu gün münaqişələrin və qarşıdurmaların yaşandığı coğrafiyamızda Rusiya, Çin, Avropa İttifaqı və ABŞ ilə münasibətləri düzgün xətt üzrə davam etdirmək böyük diplomatik uğurdur. Bu, yalnız doğru idarəçilik sayəsində mümkün ola bilər. Altmış il əvvəl Paris “İşıqlar şəhəri” adlandırılırdı, bu gün isə Bakı onu geridə qoyacaq miqyas və diplomatik əhatə dairəsinin genişliyi baxımından həqiqi işıqlar şəhərinə çevrilib. Bakı ilə yanaşı, viran qalmış vəziyyətdə işğaldan azad edilən Şuşa, Ağdam, Füzuli və Xankəndi kimi tarixi Azərbaycan torpaqları da çox qısa zamanda sivilizasiya mərkəzinə çevrilib, bu inkişaf hələ də davam edir. Bütün bunlar ölkənin təkcə xarici deyil, eyni zamanda, düzgün daxili siyasətinin də bariz göstəriciləridir. Bunları nə üçün deyirəm? Çünki Azərbaycan dünya dövləti olaraq bu gün təkcə siyasəti və ya iqtisadi uğurları ilə deyil, həm də tarixi, mədəni, bəşəri, yəni, insanı insan edən bütün dəyərlərə göstərdiyi böyük hörməti ilə də seçilir. Bu, Azərbaycan şəhərlərinin estetik görünüşündə də özünü göstərir”, - deyə o vurğulayıb.
Akkan Suver deyib ki, beynəlxalq aləmdə saysız-hesabsız tərəfdaşlıqlara imza atan Azərbaycan təkcə Türk dünyasının birliyinin formalaşmasına deyil, həm də İpək yolu təşəbbüsü çərçivəsində Çin ilə birgə yol xəritəsinin hazırlanmasına, Avropa İttifaqına üzv on ölkə ilə strateji tərəfdaşlığa, bunun kimi regional, qlobal sülh və inkişafa xidmət edən bir çox təşəbbüsə dəstək verib.
“Təbii ki, dünya ölkələri ilə münasibətlərdən bəhs edərkən Türkiyə ilə Azərbaycan arasındakı dostluğu və qardaşlığı vurğulamalıyıq. Ölkələrimiz arasında “Bir millət, iki dövlət” prinsipinə əsaslanan münasibətlər hər platformada qarşılıqlı dəstəyin və həmrəyliyin əsası olmaqla yanaşı, həm də bu gün dünyanın yüksələn ulduzu olan Türk birliyinin təminatçısıdır”, - deyə professor vurğulayıb. (AZERTAC)