Bunu Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar deyib.
O bildirib ki, 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin söylədiyi kimi, Türkiyə bir dəqiqə belə Azərbaycanın yanından ayrılmadı, həm mənəvi, həm də siyasi dəstək verdi. Bu dəstək hazırda da davam edir.
A.Attar diqqətə çatdırıb ki, son günlər Azərbaycan Ordusunun 50 hərbçisi şəhid olub. Vətən müharibəsində Zəfər qazanmış Azərbaycan bölgədə sülh olsun, dövlətlər arasında iqtisadi əməkdaşlıq əlaqələri qurulsun deyə məğlub Ermənistana sülh təklifi edib. Ermənistan həm Moskvada, həm də Brüsseldə həqiqətlər qarşısında boynunu büküb. Amma Ermənistan tarix boyunca olduğu kimi, namərd şəkildə Laçın, Kəlbəcər və Daşkəsən istiqamətlərində təxribat törətdi. Əlbəttə, şəhidlərimizin qisası alındı. Bununla birlikdə Azərbaycan bir vəzifə olaraq Ermənistanla sərhədlərin təhlükəsizliyini təmin etmək üçün səy göstərir.
“Türkiyə hər zaman olduğu kimi, hər mənada Azərbaycanın yanındadır. Kədərliyik, ancaq ümidsiz deyilik. Çünki 44 günlük Vətən müharibəsində və son günlər Azərbaycan Ordusunun nəyə qadir olduğunu gördük. Azərbaycan müstəqilliyinin simvolu olan üçrəngli, ay-ulduzlu bayrağını Vətən səmalarına yüksəldib. O bayraq hər zaman yüksəklərdə dalğalanacaq. Biz də onun ruhu ilə əməkdaşlıq fəaliyyətimizə davam edəcəyik”, - deyə Aygün Attar vurğulayıb. (AZƏRTAC)