13.03.2025, 00:25
AZ EN
10.02.2025, 14:16 250

Erməni katalikos Trampdan kömək istədi

XƏBƏRLƏR
  • Böyük Kilikiya Evinin katalikosu I Aram ABŞ Prezidenti Donald Trampa seçkiqabağı təşviqat kampaniyası ilə bağlı çağırış edib.

“Vətən səsi” xəbər verir ki, erməni katalikosu çağırışını xüsusi məktub vasitəsilə Trampa göndərib. O, ABŞ prezidentindən Azərbaycana qarşı hərbi cinayətlərdə ittiham olunan və Bakıda məhkəməsi davam edən separatçı liderlərin azad olunmasında köməklik göstərməsini xahiş edib.

I Aram müraciətində həmin şəxslərin həbsinin bütün ermənilər üçün ağrılı olduğunu qeyd edərək ABŞ prezidentini onların azad edilməsi üçün Azərbaycan rəhbərliyinə təsir göstərməyə çağırıb. O, iddia edib ki, hazırda Bakıda mühakimə olunan Araik Arutyunyan, Ruben Vardanyan, Bako Saakyan, Arkadi Qukasyan, David Manukyan, Levon Mnatsakanyan və digərlərinin azad olunması iki ölkə arasında qarşılıqlı etimada töhvə verə bilər: “Əgər siz şəxsən müdaxilə edərək Azərbaycan Prezidenti İlham Əliyevi tez bir zamanda onları azad etməyə çağırsanız, erməni xalqı çox minnətdar olardı. Belə bir addım Ermənistanla Azərbaycan arasındakı sülh prosesi üçün imkan yaradar”.

Tramp administrasiyasından erməni katalikosun yalvarışla dolu məktubuna hər hansı reaksiya yoxdur. Ermənistanın ABŞ və Qərbdəki diaspor nümayəndələri arasında ən nüfuzlu din xadimi sayılan I Aramın müraciətinə Ağ evdə soyuq münasibət sərgilənməsi Vaşinqtonda yaşayan erməniləri məyus edib.

Xatırladaq ki, Donald Tramp təşviqat kampaniyası zamanı I Arama zəng edərək, prezident olduqdan sonra ermənilərin Qarabağa qaytarılması və Azərbaycanla Ermənistan arasında sülhün bərpası üçün addımlar atacağını demişdi. Lakin I Aramla danışdıqdan az sonra Amerika Erməniləri Milli Konqresi (ANCA) ölkədə keçiriləcək seçkilərdə ermənilərin heç bir namizədi dəstəkləməyəcəyini, çünki onların irəli sürdüyü planların ermənilərin maraqlarına cavab vermədiyini açıqlamışdı.

Elxan SALAHOV

Oxşar xəbərlər