07.02.2025, 18:05
AZ EN
07.02.2025, 15:09 237

Tramp Cənubi Qafqazda dəhlizin açılmasını dəstəkləyir

XƏBƏRLƏR
  • ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında nəqliyyat dəhlizinin açılmasında maraqlı olacaq.

"Vətən səsi" xəbər verir ki, bunu ABŞ-nin “Stratfor” analitik mərkəzinin Avrasiya məsələləri üzrə analitiki Metyu Orr Ermənistan mətbuatına deyib. Ekspert qeyd edib ki, Tramp Cənubi Qafqazda regional dəhlizlərin, o cümlədən Transxəzər dəhlizinin inkişafının tərəfdarı olacaq: "Çünki bunlar Qərb məhsulları üçün ixrac marşrutu ola bilər. Həmçinin bu, region ölkələrinin bölgədə balanslı durumun yaranması ilə məşğul olmaları və Rusiya, Çin və İrandan asılı vəziyyətə düşməmələri üçün ciddi fürsətdir. Bundan əlavə, məqsəd Türkiyənin bölgə və bu marşrutlarda mövqelərinin güclü olmasını təmin etməkdir”.

Analitiklər hesab edirlər ki, ABŞ prezidentinin Çinin təşəbbüsü ilə ortada olan “Bir Kəmər, Bir Yol” layihəsinə mənfi münasibəti Cənubi Qafqazda kommunikasiyaların, xüsusilə Zəngəzur dəhlizinin açılmasını sürətləndirə bilər. Trampın hərəkətləri göstərir ki, o, faktiki olaraq qlobal təsir sferalarının yenidən bölüşdürülməsi prosesinə başlayır. Bu səbəbdən də Qafqazdakı status-kvo da ABŞ administrasiyası üçün vacib rol oynayır. Üstəlik, amerikalı diplomatlar bir neçə ay əvvəl Mərkəzi Asiyadan Azərbaycan-Ermənistan-Türkiyə və Aralıq dənizi marşrutu olan Orta Dəhlizin ABŞ üçün prioritet olduğunu, o cümlədən Çinin ticarət yollarından yan keçmək baxımından əhəmiyyətli olduğunu bəyan etmişdilər. Mütəxəssislərin fikrincə, bu məsələ Tramp administrasiya üçün də prioritet olaraq qalmağa davam edəcək. Baxmayaraq ki, Ermənistan yolların blokadadan çıxarılması ilə bağlı çoxdan razılaşdırılmış Zəngəzur dəhlizi layihəsini həyata keçirmək istəmir.

Yeri gəlmişkən, Donald Trampın administrasiyası fevralın 3-dən Vaşinqtonda səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanın görüş təklifini rədd edib. Rədd cavabı barədə qərar ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts və müdafiə naziri Pit Heqset tərəfindən verilib. Ermənistandakı "Hraparak" nəşri yazır ki, baş nazirin həyat yoldaşı Anna Akopyan isə ABŞ vitse-prezidentinin xanımı Uşa Venslə görüş təşkil etməyə cəhd edib, lakin bu tələb də rədd olunub.

Elxan SALAHOV

Oxşar xəbərlər