"Vətən səsi" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu İranın Ermənistandakı səfirinin iki gün əvvəl İrəvanda səsləndirdiyi bəyanatı şərh edərkən belə deyib. Onun sözlərinə görə, iranlı səfirin “bölgə ölkələri arasında İran yeganə ölkədir ki, Zəngəzur dəhlizi məsələsində Ermənistanın mövqeyini müdafiə edir” cümləsi Rusiyaya ünvanlanmış mesajdır: "Məlumdur ki, Rusiya Zəngəzur dəhlizinin öz nəzarəti altında işə düşməsini istəyir. Tehran bunun da əleyhinədir. Tehran Zəngəzur dəhlizinə etiraz edərkən, dəhlizin İrandan keçməsi layihəsini dəstəkləyir. Bunu İranın Ermənistandakı səfiri də təsdiq edib. Amma erməni jurnalistlərdən heç biri ona sual verməyib ki, Ermənistandan keçən dəhlizin əleyhinə olduğunuz halda, necə olur eyni marşrutla İrandan keçən dəhlizin reallaşmasını dəstəkləyirsiz?”.
Xatırladaq ki, İranın Ermənistandakı səfiri Mehdi Sübhani Azərbaycan və Naxçıvan arasında Ermənistan ərazisindən keçən ekstraterritorial quru dəhlizinin açılma imkanını istisna edib. Səfir vurğulayıb ki, İran çox güclü şəkildə buna qarşıdır: “Biz Ermənistanın ərazi bütövlüyü və suverenliyini pozan hər hansı dəhlizə qarşıyıq. Biz dəfələrlə demişik ki, bu Ermənistanın və İranın maraqlarına ziddir. Ermənistan üçün üzdəniraq dəhliz də daxil müxtəlif adlar altında bəzilərinin xülyaları heç vaxt gerçəyə çevrilməyəcək”.
Bundan bir gün əvvəl isə İran Rusiyadan Azərbaycanla Naxçıvanı Ermənistan ərazisi ilə keçərək birləşdirəcək quru yol dəhlizinin açılması üçün göstərdiyi səyləri dayandırmasını tələb edib.
Elxan SALAHOV