“Vətən səsi” xəbər verir ki, bunu politoloq Asif Nərimanlı deyib. O, bildirib ki, “müşahidə missiyası”nın fəaliyyət müddətinin daha 2 il uzadılması sülh sazişinin imzlanmasını növbəti dəfə sual altına salır. Onun sözlərinə görə, Aİ-nin “müşahidəçiləri”ni Azərbaycanla sərhəddə saxlayan Ermənistan iki istiqamətdə səylərini artıracaq: “Birincisi, sülh sazişinin razılaşdırılmış 16 maddə üzrə imzalanmasını aktuallaşdıracaq. Paşinyanın Bakıya ünvanladığı açıq təkliflərdə “90 faiz razılaşdırılmış sənədi imzalamaq” qeydi də yer alırdı və rəsmi İrəvan bununla Bakını sülhdən yayınan tərəf kimi təqdim etməyə çalışır. Razılaşdırılmış maddələr əsasında danışıqları davam etdirməyə çalışan Ermənistan ATƏT-in Minsk qrupunun de-yure ləğv edilməsi məsələsini də “üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılması” tələbi ilə əvəzləməyə çalışacaq”.
Politoloq hesab edir ki, Ermənistan ikinci istiqamət kimi “müşahidə missiyası”nın fəaliyyətini sərhədin delimitasiyası ilə eyniləşdirməyə çalışacaq: “Ermənistan təklif edir ki, Aİ missiyasını sərhədin delimitasiya edilmiş hissəsindən çıxara bilər. Bu, həm Bakının tələbi qarşısında kontr-tələbdir, həm də delimitasiyanı öz maraqlarına uyğun reallaşdırmaq cəhdidir. Rəsmi Bakı üçüncü ölkələrə məxsus qüvvələri sərhəddə istəmirsə, bütün delimitasiyanın Ermənistanın maraqlarına, mövcud prinsiplərə uyğun aparılmasını sürətləndirməlidir. Əks təqdirdə, “müşahidə missiyası”nın fəaliyyətini tələb kimi qoymamalıdır”.
Asif Nərimanlı bütün bunları nəzərə alaraq 2025-ci ildə sülh danışıqlarında tərəflərin uzlaşma imkanlarının geniş olmayacağı qənaətindədir.
Elxan SALAHOV