"Vətən səsi" xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Viktor Sobolev açıqlayıb. O, Gümrüdəki Rusiya hərbi bazasının itirilməsi ilə bağlı xəbərdarlıq edib və Vaşinqtonun yeni siyasətindən ümidlərini kəsməyə çağırıb: "Tramp indi ABŞ-da hakimiyyətdədir, axsayan və yıxılan Bayden deyil. O, Amerikanı daha böyük etmək istəyən bir adamdır, bizə bu böyüklük qətiyyən lazım deyil. Onun Ermənistanın işlərinə qarışması mütləq bizim düşmənimizin ən ciddisi olacağına ilk işarədir".
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iki gün əvvəl Vaşinqtona səfəri zamanı ABŞ dövlət katibi Antoni Blinkenlə müdafiə sahəsində də daxil olmaqla strateji tərəfdaşlıq xartiyası imzalayıblar. Nüvə sahəsində əməkdaşlığa dair danışıqlar da açıqlanıb. Sobolevin fikrincə, bu, Rusiyanın Zaqafqaziyadakı maraqlarına təhlükədir.
Politoloq Asif Nərimanlı hesab edir ki, Paşinyan hakimiyyətinin Vaşinqton-İrəvan strateji sazişini imzalamaqda əsas məqsədi ABŞ-ın Gömrük və Sərhəd Mühafizəsi Xidmətindən ibarət hərbi komandasını Ermənistan sərhədində yerləşdirməklə “Qərb qalxanını” gücləndirmək və Bakı ilə münasibətlərdə müqavimət qabiliyyətini genişləndirməkdir. Amerikalıların hədəfi isə bölgədə Rusiyaya qarşı mövqelərini gücləndirməkdir. Onun sözlərinə görə, Vaşinqton regionda təsir dairəsini ititməkdə olan Rusiyanın Ermənistanda boşalan yerinin doldurmaq niyyətindədir: "ABŞ-ın Ermənistana verdiyi praktiki dəstək İrəvanın Moskva qarşısında mərkəzdənqaçma manevrlərini genişləndirəcək. Rusiya və ABŞ-ın yeni hakimiyyəti arasında aparılan danışıqlar və Ukraynada mümkün anlaşma ssenarisi fonunda Moskva Ermənistanda mövqelərin paylanılmasına razı ola bilər. Bu halda Rusiya Gümrüdəki hərbi bazanın saxlanılması qarşılığında amerikalıların gəlişini qəbul edəcək. Əgər belədirsə, onda Ermənistana gələcək Amerika qüvvələrinin birbaşa hədəfi İrandır. Moskvadan strateji sənədə verilən reaksiyanın loyallığı da bu kontekstdə diqqət çəkir. Hərçənd Trampın sələfinin Ermənistanla rəsmiləşdirdiyi müqaviləni kənara qoya biləcəyi ehtimalı da yüksəkdir".
Elxan SALAHOV