01.06.2025, 06:43
AZ EN
09.01.2025, 10:05 144

Zəngəzur dəhlizi ilə bağlı həlledici dövr başlayır

XƏBƏRLƏR
  • Prezident İlham Əliyev yanvarın 7-də yerli telekanallara müsahibəsi Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən maneəsiz keçidlə bağlı dəhliz məntiqini yenidən aktuallaşdırıb.

"Vətən səsi" xəbər verir ki, dövlət başçısı Zəngəzur dəhlizinin 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatının 9-cu bəndinə uyğun olaraq açılmalacağını bir daha vurğulayıb: "Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Ermənistanda bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur”.

Siyasi ekspert Asif Nərimanlı mövzunu şərh edərək bildirib ki, Ermənistan Zəngəzur dəhlizi layihəsinə razılıq verməsə də, 2022-ci ilə qədər bu varianta alternativ yox idi. Lakin Rusiyanın Ukraynaya hücumundan və Qərbin Cənubi Qafqazda aktivləşməsindən sonra alternativlər meydana çıxdı. Onun sözlərinə görə, hazırda Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması ilə baqğlı iki mümkün variant üzərində təkliflər var. Bunlardan biri Kalininqrad dəmir yolu variantının tətbiqini, digəri isə beynəlxalq səviyyəli özəl şirkətin təhlükəsizlik nəzarəti altında maneəsiz keçidin verilməsini nəzərdə tutur: "Hər iki variant Ermənistanın gündəliyinə uyğun olmaqla yanaşı, Rusiyanın dəhlizdə iştirakını qəbul etməyən Qərbin də marağında idi. Hətta alternativ variantlar əsasən Vaşinqton və Brüssel tərəfindən irəli sürülürdü. Rəsmi Bakı Zəngəzur dəhlizi layihəsindən imtina etməsə də, geosiyasi vəziyyəti nəzərə alaraq maraqlarına daha uyğun variantın müzakirəsindən də yayınmırdı. Prezidentin son müsahibəsində məsələni yenidən 10 noyabr razılaşması müstəvisinə qaytarması o deməkdir ki, Zəngəzur dəhlizi Azərbaycanın istəyinə uyğun şəkildə açıqlacaq".

Politoloq hesab edir ki, prezident İlham Əliyevin dəhliz mövzusunu 10 noyabr razılaşması müstəvisinə qaytarması geosiyasi vəziyyətin Ermənistanın əleyhinə dəyişməsindən, Azərbaycanın isə əksinə, daha çox beynəlxalq dəstəyə sahib olmasından qaynaqlana bilər: "ABŞ-da Bayden Administasiyasının yola salınması ilə Ermənistanın Qərbdən əldə edə biləcəyi dəstəyin parçalanması perspektivi görünür. Tramp Administrasiyasının Rusiya ilə Ukraynada anlaşması, o cümlədən, Cənubi Qafqaz regionuna daha az diqqət ayırması və Azərbaycanla münasibətlərə daha çox önəm verəcəyi gözləntisinin reallıq payı artır. Bu gözləntilər fonunda Ermənistanın ümid edə biləcəyi iki müttəfiqi – Fransa və İran var. Parisin regional təsiri minumum səviyyədədir, Tehranın hadisələrin inkişafına təsir gücü isə Yaxın Şərq məğlubiyyətindən sonra daha da zəifləyib. Həm də Zəngəzur dəhlizinin Azərbaycan hissəsində texniki işlərin bu il yekunlaşacağı gözlənilir. Bu isə rəsmi Bakının mövqeyini daha da möhkəmləndirir, “ev tapşırığını” icra edən Azərbaycan hökuməti İrəvandan Naxçıvana maneəsiz keçidin dəhliz məntiqi üzrə verilməsi tələbini sərtləşdirəcək".

Ekspert bütün bunları nəzərə alaraq 2025-ci ilin Zəngəzur dəhlizi məsələsində həlledici dövrün olacağını düşünür.
Elxan SALAHOV

Oxşar xəbərlər