Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Millət vəkili bildirib ki, hazırda regional güc mərkəzi olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərləri təqdim edir. Bu isə regional və qlobal inkişafa, sabitlik və təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Digər tərəfdən, milli maraqlara uyğun olaraq reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlərini, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.
S.Fətəliyeva qeyd edib ki, bütövlükdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 21 il ərzində qazanılan uğurlar, o cümlədən torpaqlarımızın işğaldan azad olunması regionda yeni vəziyyət yaradıb. Bu amil Azərbaycanın beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, Ümummilli Lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan dövləti hazırda cənab İlham Əliyevin liderliyi ilə öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır.
Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilib. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb. Ümumiyyətlə, ötən dövrdə xarici siyasət sahəsində möhtəşəm nailiyyətlərə imza atılıb. Dövlət başçısının müdrik siyasəti nəticəsində 2012-ci ildə Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Bundan əlavə, neft-qaz sahəsində qazandığı uğurları davam etdirən Azərbaycan Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri layihəsi ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan dövlətə çevrilib.
Sevinc Fətəliyeva qeyd edib ki, Prezident İlham Əliyevin siyasətinin ən böyük uğurlarından biri bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un keçirilməsi oldu. Belə bir mötəbər tədbirə ev sahibliyi hüququnun Azərbaycana verilməsi təsadüfi deyil. İndiki dönəmdə hansısa bir ölkəni dünya birliyi üçün cəlbedici edən cəhətlərdən ən önəmlisi onun beynəlxalq imicidir. Bu kontekstdən çıxış edən beynəlxalq təşkilatlar öz tədbirlərini keçirərkən ölkənin imkanları və resursları ilə yanaşı, qlobal miqyasda mövqelərini də nəzərə alırlar. Eyni zamanda, dünya birliyinin inamı Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində qazandığı zəngin təcrübədən qaynaqlanır. Bu mötəbər tədbirdə qlobal iqlim dəyişiklikləri ilə bağlı mübarizə üçün mühüm qərarlar qəbul olunub. Azərbaycan vətəndaşları olaraq 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq.
“Artıq torpaqlarımız işğaldan azad olunub, ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin edilmişdir. Azərbaycanın şanlı qələbələrini şərtləndirən bir sıra mühüm amillər var. Belə ki, son 21 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Qarabağ probleminin ədalətli həlli üçün əlverişli hüquqi baza formalaşmış, vacib beynəlxalq sənədlər qəbul olunmuşdur. Təbii ki, bu məsələdə dövlətimizin başçısının bütün beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasətini, Qarabağ məsələsi ilə bağlı ölkəmizin tarixi faktlara və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırması mühüm rol oynamışdır. Digər bir vacib məqam isə ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurlar hesabına Silahlı Qüvvələrimizin hərbi qüdrətinin artırılması üçün ötən dövrdə atılan addımlarla bağlıdır. Yəni, Azərbaycan münaqişənin həlli istiqamətində siyasi müstəvidə fəallıq göstərməklə yanaşı, həm də ölkəmizin iqtisadi, hərbi gücünün artırılması istiqamətində məqsədyönlü işlər aparmışdır. Hazırda Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün danışıqlar davam edir. Sülh prosesi ilə bağlı dövlətimizin mövqeyi bəllidir. Ermənistan anlamalıdır ki, onun başqa alternativi yoxdur” - deyən deputat əlavə edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə mövqeləri bundan sonrakı mərhələdə daha da möhkəmlənəcək. Əminik ki, qarşıdakı dövrdə Prezident İlham Əliyevin liderliyi ilə ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan bütün sahələrdə daha möhtəşəm nailiyyətlər qazanacaq. Artıq regionda yeni reallıqlar yaranıb və bu reallıqların praktiki mərhələyə keçməsi üçün əməli addımlar atılır. Yeni reallıqlar isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha böyük, möhtəşəm nailiyyətlər əldə etməsinə hədəflənib. Xalqımızın Prezident İlham Əliyevin rəhbərliyi yeni zəfərlər qazanacağı şübhəsizdir.
Hazırladı: Günel QULİYEVA