“Vətən səsi” xəbər verir ki, bunu politoloq Zərdüşt Əlizadə deyib. O, bildirib ki, Azərbaycanın sülh şərtləri qarşısında çarəsi durumda qalan Ermənistan rəhbərliyi hər vəchlə xarici havadarlarından, xüsusilə də ABŞ, İran, Fransa və qərbdəki himayəçilərindən ciddi siyasi dəstək gözləyir. Onun sözlərinə görə, sülh danışıqlarının davam etdiyi 4 il ərzində Fransa və İranı çıxmaq şərtilə Ermənistana ciddi beynəlxalq dəstək verilməyib. Donald Trampın yenidən prezident seçilməsindən sonra isə Paşinyan ABŞ-dan dəstək almaq üçün bütün imkanları səfərbər edib: “Paşinyan hökuməti 44 günlük müharibədən sonra Rusiyadan asılılığını xeyli dərəcədə azaldıb. Çünki KTMT ermənilərə kömək etmədi və indi Fransa və ABŞ-ın timsalında özlərinə yeni himayədar axtarırlar. Paşinyanın Trampla görüşə can atması da buna görədir”.
Paşinyan qərbdəki hamilərinin dəstəyi ilə Trampla görüşə biləcəyini istisna etməyən politoloq hesab edir ki, bu, heç də hər şeyin Ermənistanın xeyrinə olacağı anlamına gəlmir. Onun sözlərinə görə, erməni Baş nazir ilk növbədə Trampı inandırmalıdır ki, Ermənistan ABŞ-ın bölgədəki maraqlarına uyğun siyasət yürüdəcək. Amma regionun ən zəif ölkəsinin ABŞ üçün faydalı ola biləcəyi inandırıcı deyil. Həm də ona görə ki, İrəvan Moskvadan üz döndərdiyi görüntüsü yarada bildiyi halda Rusiyadan iqtisadi asılılığı yenə də ən yüksək həddədir: “Ona görə də Paşinyan ABŞ-ın yeni administarsiyasını hər şeyin onun istəklərinə uyğun olduğuna inandıra bilməyəcək. Bunu Ermənistanın rəhbərliyi də yaxşı başa düşür. Bu səbəbdən də görüntü yaratmağa çalışırlar ki, Ermənistanın Azərbaycanla münasibətləri normallaşıb və sülh sazişi ilə bağlı problemlər də tezliklə həll olunacaq. Lakin burada da Ermənistan rəhbərliyi özünü, ABŞ və Avropadakı tərəfdaşlarını aldadır”.
Zərdüşt Əlizadə hesab edir ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan Azərbaycanın təklif etdiyi bir neçə vacib şərti yerinə yetirməlidir. Əks halda Bakı və İrəvan arasında normal münasibətlər qurulmayacaq: “Odur ki, Paşinyanın Trampın etimadını qazanmaq üçün bu problemi həll etməlidir. Nəzərə alsaq ki, İrəvanın özünü Moskvadan guya, uzaq tutması da sadəcə görüntüdür, onda Paşinyan Tramp üçün o qədər də maraqlı deyil”.
Xatırladaq ki, Paşinyan Vaşinqtonla əlaqələri dərinləşdirmək üçün Xarici İşlər Nazirliyinə tapşırıq verib. Tapşırığa əsasən, Ararat Mirzoyanın rəhbəri olduğu xarici siyasət idarəsi nəyin bahasına olur-olsun, ABŞ-ın yeni seçilmiş prezidenti ilə ikitərəfli görüş hazırlamalıdır. Mövzunu xüsusi diqqətdə saxlayan Ermənistan mətbuatı isə Paşinyanın gələn ilin fevralında Vaşinqtona gedə biləcəyini yazır.
Elxan SALAHOV