“Sərhədlərin delimitasiyası ilə bağlı danışıqlarda Ermənistan tərəfi ərazilərin keçmiş sovet xəritələrinə əsasında müəyyənləşməsi istəyir. Amma konkret olaraq hansı illərin xəritəsinə gələndə gah bir, gah da digər dövrün xəritələrinə istinad edirlər. Əslində isə bunun heç bir məntiqi əsası yoxdur və sərhədlər Ermənistanın SSRİ-yə daxil olduğu dövrə aid xəritə əsasında müəyyən edilməlidir”.
“Vətən səsi” xəbər verir ki, bunu politoloq Zaur Məmmədov bildirib. O, qeyd edib ki, Paşinyan hökuməti səmimi və qəti şəkildə sərhədlərin dəqiq müəyyən edilməsində maraqlıdırsa, ölkəsinin sərhədlərini SSRİ-nin tərkibindən çıxdığı deyil, daxil olduğu dövrün xəritələri ilə müəyyən etməlidir: “Həmin dövrdə isə Ermənistan cəmi 9 min kvadratkilometrə yaxın ərazisi olub və sonradan sövet hakimiyyəti Azərbaycanın 20 min kvadratkilometr ərazisini Ermənistana “pay” verilib. Buna görə də Paşinyan sərhədlərin müəyyənləşməsindən və ölkəsinin təhlükəsizliyindən danışarkən 29 min kvadratkilometr ərazidən danışır”.
Politoloq deyib ki, İrəvan indiki Ermənistanın Ermənistan SSRİ-nin varisi olmasını həm də hüquqi sənədlərdə təsdiq etmək istəyir. Onun sözlərinə görə, Almatı sazişi də məhz bu kontekstdə gündəmə gətirilir: “Paşinyan və komandası iddia edir ki, Almatı razılaşması Ermənistanın maraqlarını və onun bu günki sərhədlərini qoruyur. Amma digər tərəfdən elə Almatı razılaşması əsasında Ermənistanın rəhbərləri Azərbaycan ərazilərinə, Qarabağa aid iddialar irəli sürüb. Onlar Qarabağı Azərbaycan daxilində ermənilərə aid bir hissə kimi qəbul edirdilər. Erməni tərəfinin bu iddiaları fonunda Almatı sazişinin özünün legitimliyi məsələsi ortaya çıxır. Çünki Azərbaycan Almatı sazişi ilə bağlı heç bir hüquqi sənədə imza atmayıb və bu yalnız bəyanatlar formasında olub. Amma bu o demək deyil ki, Ermənistan şərti sərhəddindəki ərazilər və nöqtələr onların dediyi kimi olmalıdır”.
Elxan SALAHOV