Bu barədə Barselonada keçirilən UNESCO-nun İrqçiliyə və Ayrıseçkiliyə qarşı IV Qlobal Forumunda Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı “Qadın Liderliyi: Gender əsaslı dayanıqlı cəmiyyətlər naminə” adlı sessiyada “Dayanıqlı və tolerant cəmiyyətlər naminə qaçqın qadınların səlahiyyətləndirilməsi” mövzusundakı çıxışında bildirib.
Millət vəkili çıxışında əvvəlcə qadın hüquqlarının müdafiəsi sahəsində Azərbaycanda həyata keçirilən dövlət siyasəti, mövcud hüquqi çərçivə, qadınların sosial-iqtisadi layihələrdə iştirakı, qadın sahibkarlığının inkişaf etdirilməsi barədə məlumat verib. Məlahət İbrahimqızı sessiya iştirakçılarına 1987-1991-ci illərdə Ermənistandan öz tarixi yurdlarından deportasiya edilmiş üç yüz min soydaşımıza, eləcə də qaçqın qadınlarımıza beynəlxalq təşkilatlar tərəfindən bu günə qədər laqeyd münasibət göstərildiyini qeyd edib.
Millət vəkili Qərbi azərbaycanlıların sülh yolu ilə, ləyaqətli şəkildə qayıdışının vacibliyini vurğulayaraq qaçqın qadınların reinteqrasiya hüququ haqqında maarifləndirilməsinin, xüsusilə Qərbi Azərbaycan İcmasının Qayıdış konsepsiyasının həyata keçirilməsində UNESCO kimi beynəlxalq təşkilatların dəstəyinə və əməkdaşlığına böyük ehtiyacın olduğunu bildirib. İrqçiliyə və Ayrıseçkiliyə qarşı IV Forum çərçivəsində millət vəkili Məlahət İbrahimqızı UNESCO-nun yüksək vəzifəli rəsmiləri də daxil olmaqla, bir sıra ikitərəfli görüşlər keçirib və onlara Qərbi Azərbaycan İcmasının yeddi dildə hazırlanmış Qayıdış Konsepsiyasını təqdim edib. (AZƏRTAC)