Çıxışcılar arasında yer alan Böyük Britaniyanın Azərbaycandakı keçmiş səfiri Ceyms Şarp panel çərçivəsində İrlandiyanın sülh təcrübəsindən söz açıb:
"1998-ci il aprelin 10-da imzalanan Belfast müqaviləsi əlamətdar bir nailiyyət idi və Şimali İrlandiyada 30 illik münaqişəyə son qoydu. Müqavilə 22 may 1998-ci ildə keçirilən iki referendumda təsdiqləndi. Nəticədə Şimali İrlandiya özünüidarəni bərpa etdi".
Türkiyə Kadir Has Universitetinin prorektoru Mitat Çelikpala qeyd edib ki, Azərbaycanla yanaşı, Ermənistan konstitusiyasında Türkiyəyə qarşı da ərazi iddiası mövcuddur:
"Ermənistanın daimi yekun sülh əldə etmək üçün bir şansı var, Cənubi Qafqazda bunu təmin etmək olar. Azərbaycanla yanaşı, Ermənistan konstitusiyasında Türkiyəyə qarşı da ərazi iddiası mövcuddur. Bunlar isə Konstitusiyaya dəyişikliyi tələb etmə haqqı verir. Türkiyə Ermənistanın müstəqilliyini tanıyıb, ancaq Qarabağ məsələsinə görə Ermənistanla sərhədini bağlayıb. 2010-cu ildə Ermənistan və Türkiyə parlamentləri sənəd qəbul ediblər ki, iki ölkə arasındakı sərhədlər beynəlxalq hüquq əsasında müəyyən edilsin. Burada cari sərhədlərdən söhbət gedir. Ancaq erməni diasporu məsələni fərqli tərəfə çəkib. Erməni diasporunun və müxalifətinin kritik müdaxilələri müşahidə olunur ki, bunlar prosesin inkişafına əngəl törədir. Ancaq ümid edirik ki, Ermənistan-Azərbaycanla yanaşı, Ermənistan-Türkiyə münasibətləri də tam normallaşacaq".
Avropa Şurası tərəfindən dəstəklənən İctimai siyasət məktəbinin (Tereza Ana) direktoru Zidas Daskalovski bildirib ki, Şimali Makedoniya və Yunanıstan arasında razılaşma da konstitusiyaya dəyişiklik hesabına əldə olunub: "Azərbaycan və Ermənistan da müqavilə bağlaya bilər, qarşı tərəf öz üzərinə bu müqavilə çərçivəsində konstitusiya dəyişikliyini öz üzərinə götürə bilər və bunun üçün müəyyən bir vaxt ayrılmalıdır".
Qeyd edək ki, 2020 və 2023-cü illərdə Azərbaycanın Ermənistan işğalı altında olan torpaqlarının işğaldan azad edilməsi və suverenliyin tam bərpası iki ölkə arasında sülh üçün imkanlar yaradıb. Lakin Ermənistan Konstitusiyada, o cümlədən digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddiaları qalmaqda davam edir. Ermənistanın 23 avqust 1990-ci ildə qəbul etdiyi Müstəqillik Haqqında Bəyannamə Qarabağı Ermənistanın tərkib hissəsi kimi nəzərdən keçirən Ermənistan SSR Ali Şurasının 1 dekabr 1989-cu il tarixli aktına istinad edir. Bu iddia daha sonra 5 iyul 1995-ci ildə qəbul edilmiş Konstitusiyanın preambulasında öz əksini tapıb və Konstitusiyaya 27 noyabr 2005 və 6 dekabr 2015-ci illərdə edilən düzəlişlər zamanı saxlanılıb. (Report)