Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tanınmış israilli politoloq və jurnalist Reyçel Avrahamın müəllifi olduğu və müxtəlif beynəlxalq ekspertlərin fikirlərinin də yer aldığı məqalədə bildirilir ki, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli Bəyanata əsasən Laçın şəhərini tərk edən ermənilərin bu ərazidə törətdiyi ekosid ətraf mühit və ümumilikdə Qafqaz bölgəsində sülh üçün ciddi fəsadlar vəd edir. Məqalədə təəssüf hissi ilə qeyd olunub ki, İkinci Qarabağ müharibəsindən sonra analoji qaydada hərəkət edən ermənilərdən bu destruktivlik gözlənilən idi. Belə ki, təxliyə üçün ayrılan vaxtdan əşyaları yandırmaq üçün istifadə edən ermənilər hətta arılara da acımayıblar. Müəllif ermənilər tərəfindən eyni hərəkətlərin bolşevik inqilabından sonra Şərqi Anadoluda da edildiyinə diqqət çəkərək, tərk etməyə məcbur olduğunu məhv etməyin erməni mədəniyyətində dərin kök saldığını vurğulayıb.
Qeyd olunub ki, İsrail bir çox məsələlərdə, o cümlədən Qarabağın yenidən qurulması və kənd təsərrüfatının dirçəlişində Azərbaycanın müttəfiqi və tərəfdaşıdır. Laçın rayonunda ekologiyanın və kənd təsərrüfatı torpaqlarının geniş şəkildə məhv edilməsi yenidənqurma prosesinə və beləliklə, İsrailin Azərbaycanla kənd təsərrüfatı əlaqələrindən faydalanmaq imkanlarına mənfi təsir göstərə bilər. Belə ki, iki ölkə arasında əldə olunmuş razılaşmaya əsasən, İsrail Qarabağda kənd təsərrüfatının yenidən qurulmasına kömək edəcək və bunun müqabilində Azərbaycan buğda tədarükünü təhlükə altına alan Ukrayna müharibəsindən sonra İsrailin ərzaq təhlükəsizliyinin təmin edilməsində yardımçı olacaq. Ermənistanın Laçın rayonunda törətdiyi ekosid isə bu razılaşmanın həyata keçirilməsinə ciddi maneədir. Eyni zamanda, müəllif hesab edir ki, sözügedən ərazidə ətraf mühitin məhv edilməsi İsrailin Azərbaycanla kənd təsərrüfatı əlaqələrinə əngəl törətsə də, son nəticədə Laçının Azərbaycana təhvil verilməsi İsrailin regiondakı geostrateji mövqeyini mütləq gücləndirəcək, çünki güclü Azərbaycan İsrail üçün böyük əhəmiyyət kəsb edir. (AZƏRTAC)