Bu sözləri Maltanın UNESCO üzrə Milli Komissiyasının prezidenti Raymond Bondin dekabrın 5-də Bakıda keçirilən “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.
O bildirib ki, Şuşadakı dağıntılar bütün ərazilərdə həyata keçirilib. Ermənilər məscidlərdən tövlə kimi istifadə ediblər. Bu, qəbuledilməz addımdır. Azərbaycan bu gün mümkün qədər bərpa işləri həyata keçirməyə çalışır ki, tarixi abidələri əvvəlki görkəminə qaytara bilsin.
"Beynəlxalq arenada Azərbaycanla bağlı qərəz, yanlış fikir çoxdur. Reallıqları təqdim edərək bunların qarşısı alınmalıdır. Qeyd edim ki, mən Qarabağda olmuşam, orada həddindən çox mina basdırılıb. Hesablamalara əsasən, işğaldan azad edilmiş ərazilərə işğal dövründə Ermənistan tərəfindən bir milyondan çox mina basdırılıb. Azərbaycan isə həmin əraziləri dirçəldir. Həmçinin tarixi və mədəni irsin qorunması işlərinə beynəlxalq gücü də cəlb etmək lazımdır", - deyə o diqqətə çatdırıb. (AZƏRTAC)