16.04.2025, 22:37
AZ EN
05.12.2024, 14:04 161

Paşinyan: “Bakı ilə İrəvanı barışmağa qoymayan qüvvələr var”

XƏBƏRLƏR
  • İndiyədək Azərbaycanla Ermənistan arasında müxtəlif səviyyələrdə aparılan danışıqların nəticəsində hazırlanmış sülh müqaviləsi layihəsindəki bəndlərin 90 faizi razılaşdırılıb.

“Vətən səsi” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumətlə sual-cavab iclasında deyib. O, qeyd edib ki, Ermənistanın hökumət başçısı kimi regionda vəziyyətin sabit olması özünün və rəhbərlik etdiyi komandanın marağındadır. Lakin Paşinyanın fikrincə, Bakı ilə İrəvanı barışmağa qoymayan qüvvələr var: “Bəzi xarici qüvvələr Azərbaycanla Ermənistanın yaxın qonşu kimi dinc sülh şəraitində yaşamasını istəmir. Bu, tərəflər arasında münasibətlərin nizamlanmasına, sülh sazişi üzrə işin gedişinə mane olur. Xüsusilə regionda sabitliyin pozulmasında maraqlı olan qüvvələr var. Biz heç bir təxribata təslim olmamalı və yorulmadan mövqeyimizi aydınlaşdırmalıyıq, bizim Azərbaycana hücum etmək üçün heç bir əsasımız yoxdur”.

Baş nazir onu da əlavə edib ki, Ermənistan və Azərbaycan siyasi müstəvidə daha bir hüquqi addım ataraq bir-birinin ərazi bütövlüyünü tanıyıblar. Onun sözlərinə görə, yaxın gələcəkdə qarşılıqlı razılaşma əsasında növbəti hissədə delimitasiya prosesinə başlamalıdırlar: “Mən sadəcə olaraq Ermənistan Respublikasının regionda sabitliyi pozmağa yönəlmiş istənilən hərəkətini istisna edirəm. Demarkasiya komissiyalarının birgə fəaliyyətinin reqlamentinin təsdiq edilməsi bizə hər şeyi danışıqlar əsasında etməyə imkan verir. Ümid edirəm ki, biz sülh sazişi layihəsi üzərində işi aktivləşdirəcəyik, çünki onun 90 faizi yerinə yetirilib”.

Nikol Paşinyan Ermənistanın sülh gündəminə sadiq olduğunu bir daha vurğulayıb. O, qeyd edib ki, indiyədək əldə olunan razılaşmaları məntiqi sonluğa çatdırmaq istiqamətdə çalışmaq davam edir.

Elxan SALAHOV

Oxşar xəbərlər