“Vətən səsi” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında söyləyib. Erməni mətbuatının yaydığı məlumata görə, Paşinyan İkinci Qarabağ müharibəsindən əvvəl işğal altındakı Azərbaycan ərazilərinə, o cümlədən Şuşaya səfəri zamanı söylədiyi fikirlərə aydınlıq gətirib. O, erməni ictimaiyyətinin məşhur “Qarabağ Ermənistandır, vəssalam!” bəyanatını başa düşmədiyini, 44 günlük müharibədən sonra isə həmin bəyanata görə onun gülüş hədəfinə çevrilməsini təəssüflə xatırlayıb: “Mənim həmin bəyanatımın videosu vaxtaşırı sosial şəbəkələr vasitəsilə paylaşılır, müxtəlif rəylər yazılır. Həmçinin bu zalda və buradan kənarda müxalifətdəki həmkarlarımız “Qarabağ Ermənistandır” sözümü təkrar-təkrar dillərinə gətirirlər. Ona görə də bu məsələyə aydınlıq gətirməliyəm: 2018 və ya 2017-ci ilə qədər Qarabağ nə idi? Müstəqil dövlətmi? Müstəqil dövlətin öz atributları olur? O zaman yaxınlarımız, yaxın olmayanlar söyləyirdilər ki, belə olsaydı, tanıyardınız. İndi bizə qarşı “xəyanət”dən danışılır, ona qədər mən deputat idim, bu zalda Qarabağın tanınması ilə bağlı bir neçə dəfə müxalifət tərəfindən təşəbbüslər olub. Onda da söyləmişdik ki, yox, Qarabağ müstəqil dövlət deyil”.
Paşinyan vurğulayıb ki, dünyada heç kim “Qarabağ Azərbaycandır” sözünə etiraz etmir, “Qarabağ Ermənistandır” deyiləndə isə sərt təpkilər gəlir: “Yaxşı, indi Qarabağ Azərbaycan və ya Ermənistan deyil, bəs nədir? Məsələyə bu məntiqlə baxmaq vacibdir: doqquz ay hamilə qalmaq olar, doqquz aydan sonra nəsə baş verməlidir: ya uşaq təbii yolla doğulmalı, ya da başqa yolla dünyaya gətirilməli, ya diri doğulmalı, ya da ölü, oğlan və ya qız olmalıdır. Bu hamiləliyi daha doqquz aydan çox uzatmalı olduğumuz yanaşma absurddur. Əgər biz şərti hamiləliyimizi daha doqquz ay uzatmaq məntiqi ilə dəyərləndirsək, o zaman apardığımız siyasət doğru da, səhv də olsa, yanlış hesab oluna bilər. Yeganə mümkün variant bu idi və bu, yeganə mümkün variantdır, bu da bizə dövlətə sahib olmaq şansı verir”.
Baş nazir bu açıqlaması ilə erməni ictimaiyyətini inandırmaq istəyir ki, Qarabağ onsuz da Azərbaycan torpağıdır və həmin ərazilərə iddia iddia etmək Ermənistan dövlətinin özünün taleyini böyük təhlükə qarşısında qoyurdu. O, müzəffər Azərbaycan ordusunun Qarabağı işğaldan azad etməsi ilə həm də Ermənistan dövlətinin varlığına şans verdiyi mesajını ötürür.
Elxan SALAHOV