"Vətən səsi" xəbər verir ki, erməni politoloq Vahe Ovannisyan da İrəvanın bu istiqamətdə atdığı addımları pisləyib. O, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlər həll edilmədən İrəvanın Aİ ilə əməkdaşlığı dərinləşdirmək cəhdlərinin uğursuza düçar olacağından və Ermənistanın beynəlxalq nüfuzuna növbəti dəfə xələl gələcəyindən narahatdır: "Biz indi Avropa ilə onun prinsipləri səviyyəsində əməkdaşlıq edə bilmərik, çünki qonşu dövlətlərlə münasibətləri yoluna qoymamışıq. Üstəlik Ermənistan cəmiyyəti də buna hazır deyil. Türkiyə və Azərbaycanla münasibətləri yoluna qoymadan, cəmiyyəti nuna hazırlamadan Avropa İttifaqına üzvlüklə bağlı müzakirələr faydasızdır və bu, hər şeydən əvvəl Ermənistanın özünə zərər gətirəcək".
Vahe Ovannisyan erməni mətbuatına açıqlamasında deyib ki, rəsmi Bakı ilə sülh müqaviləsi imzalamadan Avropa İttifaqının sərhəddəki müşahidə missiyasının müddətinin uzadılması Ermənistan üçün heç də təhlükəsizlik zəmanəti hesab olunmur. Onun sözlərinə görə, Aİ ilə əməkdaşlığın inkişaf etdirilməsi Ermənistan hakimiyyətinin öz arzusudur və faktiki olaraq qarşı tərəf hələ buna maraq göstərmir: "Heç kim bizi Avropa İttifaqına dəvət eləmir, yaxın gələcəkdə bu quruma üzvlüyümüzlə bağlı perspektiv yoxdur".
Politoloq vurğulayıb ki, Ermənistanda Aİ-yə üzvlük üçün nəzərdə tutulan referendum əsassız və heç bir rasional hesablamaya malik olmayan təşəbbüsdür. Vahe Ovannisyanın dediyinə görə, Aİ-yə üzvlüklə bağlı mümkün referendum süni və sıfır perspektivli prosesdir. Əksinə, Rusiyanın və digər region ölkələrinin böyük maraq göstərdiyi BRICS-ə üzvlük Ermənistan üçün daha realdır: "Ermənistanın əsas iqtisadi tərəfdaşı olan Rusiya da BRICS üzvüdür, həmçinin Ermənistanın birbaşa quru yolu olan qonşuları İran, Azərbaycan və Türkiyədir. Gürcüstan Aİ ilə danışıqları dondurur. Bizim böyük potensial dəstəkçilərimiz BRICS-in üzvləridir. Məsələn, Çin, Rusiya, Hindistan və sair. Heç kim bizi Aİ-yə dəvət eləmir və bizi orada gözləmir. Yaxın gələcəkdə Aİ ilə quru marşrutu perspektivimiz yoxdur”.
Elxan SALAHOV