27.12.2024, 04:30
AZ EN
28.11.2024, 12:03 267

“Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda II beynəlxalq konfrans keçiriləcək

XƏBƏRLƏR
  • Dekabrın 5-i və 6-sı Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda ikinci beynəlxalq konfransı keçiriləcək.

Konfransdan əvvəl tədbir, burada müzakirə olunacaq mövzular barədə medianın suallarının cavablandırılması məqsədilə Qərbi Azərbaycan İcmasında mətbuat konfransı keçirilib.

Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili, filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərov icmanın fəaliyyət prinsiplərindən bəhs edərək bildirib ki, konfransın təşkili Qərbi Azərbaycana qayıdış məsələsini dünya ictimaiyyətinin nəzərinə çatdırmaq baxımından çox əhəmiyyətlidir: “İki yüz il boyunca müxtəlif vaxtlarda soydaşlarımız etnik təmizləmələrə, soyqırımlara, deportasiyalara məruz qalıblar. Son deportasiya isə 1987-1991-ci illərdə ermənilər tərəfindən həyata keçirilib. Min illər boyu Qərbi Azərbaycanda məskunlaşan soydaşlarımız ata-baba yurdlarından qovulublar. Çox sevinirik ki, Qarabağ zəfərindən sonra tarixi torpaqlarımız uğrunda mübarizə aparmaq ön plana çəkildi. İlk dəfə olaraq Qərbi Azərbaycan məsələsini dünyaya çıxara bildik. Prezident İlham Əliyevin tövsiyəsi ilə Qərbi Azərbaycan məsələsinin hüquqi aspektlərini beynəlxalq müstəvidə müzakirə etmək üçün qayıdış hüquq mövzusunda beynəlxalq konfrans təşkil etdik və dekabrın 5-i, 6-ı ikinci dəfə sözügedən konfrans həyata keçiriləcək”.

Ə.Ələkbərov bildirib ki, konfransda 50-dən artıq dövlətdən 100-dən çox nümayəndə iştirak edəcək: “Konfrans çərçivəsində beş panel təşkil olunacaq və hər paneldə beş məruzə dinləniləcək. Qərbi Azərbaycana qayıdış konsepsiyasının beynəlxalq müstəvidə müzakirəsi mübarizəmizin yeni mərhələsini təşkil edəcək”.

Qərbi Azərbaycan İcmasının üzvü, millət vəkili Qaya Məmmədov bildirib ki, qonaqlar sırasında müxtəlif ölkələrin deputatları, siyasi xadimləri, alimləri, tarixçiləri olacaqlar.

“Bu konfransın təşkili Azərbaycanı qayıdış hüququ mövzusunda beynəlxalq miqyasda tanınmış mərkəzlərdən birinə çevirir”, - deyə Q.Məmmədov əlavə edib. (APA)

Oxşar xəbərlər