20.04.2025, 09:56
AZ EN
31.10.2024, 10:21 288

Bakı və İrəvan sülh razılaşmasına doğru...

XƏBƏRLƏR
  • Azərbaycanla Ermənistan arasında uzun müddətdir davam edən sülh danışıqlarında nəhayət ki, ciddi irəliləyiş əldə olunub.  Hazırda hər iki tərəf sülh müqaviləsinin sonuncu redaksiyası üzərində işləyir.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın aparat rəhbəri Araik Arutyunyan deyib. O, bildirib ki, sülh müqaviləsi layihəsində əksini tapmış müddəaların heç bir ilkin şərt irəli sürülmədən qəbul edilməsi razılaşdırılıb: "Əldə olunmuş razılığa əsasən, hər iki tərəf ayrı-ayrılıqda sülh müqaviləsinin sonuncu redaksiyası üzərində işləyir və yaxın vaxtlarda imzalanmaya hazır olacaq".

Bununla belə, Ermənistan hökumətinin aparat rəhbəri əlavə edib ki,  qarşıda hələ həll edilməli olan bir neçə qeyri-müəyyən məsələ var. Xüsusilə sərhədlərin delimitasiyasi ilə bağlı bəzi müddəalar hələ tam aydın deyil.

Araik Arutyunyan Bakıda həbsdə olan erməni əsirlərin (separatçı liderlər nəzərdə nəzərdə tutulur - red.) geri qaytarılmasının da müqavilənin şərtlərinə daxil ediləməsi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib. O, qeyd edib ki, əsirlərin geri qaytarılması məsələsində heç bir şərtin irəli sürülməyib: "Sülh müqaviləsi tərəflər arasında indi mövcud olan qeyri-müəyyənliyin aradan qaldırılması və gələcək qarşılıq münasibətlərin, diplomatik əlaqələrin necə qurulacağını nəzərdə tutan çərçivə sənədidir. Orada əsirlərin azad edilməsi ilə bağlı məsələnin qoyulması lazım deyil. Bu, indinin yox, gələcəyin işidir. Əgər danışıqlarda hər hansı bir şərt irəli sürülürsə, bu, yaxşı nəticələrə gətirib çıxara bilməz.”

Arutyunyan vurğulayıb ki, sülh müqaviləsi ancaq qarşılıqlı güzəştlərlə uğurlu ola bilər. O, bir daha qeyd edib ki, hər iki tərəf hazırda razılaşdırılmamış məqamlar üzərində intensiv iş aparır və nazirlərin görüşməsi lazım gəldikdə bu istiqamətdə müəyyən addımlar atıla bilər.

Xatırladaq ki, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında Kazanda keçirilən görüşdən dərhal sonra Azərbaycan və Ermənistan qarşılıqlı olaraq sərhəd komissiyalarının birgə fəaliyyətinə dair əsasnaməni təsdiqləyib. Ekspertlər bunu tərəflər arasında birbaşa danışıqların müsbət nəticəsi kimi dəyərləndirirlər. Başqa sözlə, tərəflər artıq razılaşıblar ki, vasitəçiyə ehtiyac yoxdur. Hazırda Qərblə Rusiya arasında Cənubi Qafqaz uğrunda güclü rəqabətin getdiyini nəzərə alsaq, bu, ən doğru qərardır. Çünki Rusiya vasitəçi olsa Qərb, Qərb vasitəçi olduqda isə rəsmi Moskva öz maraqlarını qorumaq naminə Azərbaycanla  Ermənistana təzyiq göstərəcək. Ona görə də ekspertlər hesab edirlər ki, Bakı və İrəvan sülhə nail olmaq üçün ən doğru qərarı verərək birbaşa danışıqlar aparır. Araik Arutyunyanın açıqlamaları da ümidləri doğruldur. Bu, tərəflərin sülhə daha yaxın olduğunu və prosesin son mərhələyə yaxınlaşdığını deməyə əsas verir.

Elxan SALAHOV

Oxşar xəbərlər