Bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı, oktyabrın 29-da Ankarada Türkiyə Cümhuriyyətinin qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət edərkən deyib.
Türkiyənin dövlət başçısını bu ziyarət zamanı ölkə parlamentinin sədri Numan Kurtulmuş, hökumət üzvləri, aparıcı müxalifət partiyalarının liderləri, SQ Baş Qərargahının rəhbərləri və digər rəsmi şəxslər müşayiət ediblər.
Ərdoğan Atatürkün və türk xalqının Milli Qurtuluş mübarizəsinin bütün iştirakçılarının xatirəsini ehtiramla anıb, həmvətənlərini Cümhuriyyətin yaranmasının 101-ci ildönümü münasibətilə təbrik edib.
O qeyd edib ki, yüz il əvvəl olduğu kimi, bu gün də Türkiyənin yerləşdiyi bölgədə qan və göz yaşı axıdılır. Bununla bağlı dövlət başçısı türk xalqının təhlükəsizliyini və mənafelərini qorumaq əzmini xüsusi vurğulayıb.
Prezident birlik və bütövlüyün təmin edilməsinin vacibliyinə diqqət çəkərək, Atatürk və onun silahdaşlarının mirası olan Cümhuriyyətin etibarlı əllərdə olduğunu əminliklə bəyan edib.
Türkiyə Prezidenti bayram tədbirləri proqramı çərçivəsində oktyabrın 23-də terror aktının baş verdiyi TUSAŞ şirkətinə baş çəkəcək. Dövlət başçısının yerli istehsal olan GÖKBEY çoxməqsədli helikopterlərinin istifadəyə verilməsi mərasimində iştirak edəcəyi gözlənilir. (AZƏRTAC)