04.05.2025, 07:55
AZ EN
30.08.2022, 09:50 453

Quliyevlər ailəsi Laçına - doğma evlərinə qayıdacağı günü səbirsizliklə gözləyir

XƏBƏRLƏR
  • Laçının adı gələndə çox həyəcanlanır, torpağın ətrini hiss edirəm. Doğma yurda qayıdan kimi müqəddəs torpağımızı öpüb gözüm üstə qoyacağam.

Bu sözləri Laçın rayon sakini İxtiyar Quliyev söyləyib. O, torpaqlarımızın işğaldan azad olunması, doğma yurda qayıdışın sevincini kövrək hisslərlə dilə gətirib… Müsahibəni təqdim edirik:

- İxtiyar bəy, Laçında keçən günlərinizi necə xatırlayırsınız?

- 1960-ci ildə Laçın rayonunda anadan olmuşam. Doqquz nəfərlik böyük ailəmiz vardı. Elə ən xoş günlərimiz Laçında keçib. Ömrümün 32 ilini orada yaşamışam. Evimiz Həkəri çayının sağında yerləşirdi. Bizim kənd çaya çox yaxın olduğu üçün 10-15 qonşumuz vardı. Çox səfalı yerlərdir. Havası təmiz, iqlimi gözəl, təbiəti təbii sərvətlərlə zəngindir. Laçın əla turizm məkanıdır. Mal-qara təsərrüfatı ilə məşğul olurdum. Əfsuslar olsun ki, yağı düşmən xoş günlərimizi əlimizdən aldı.

- Laçını tərk etdiyiniz gündən danışaq...

- Laçın... Laçın... Evdən elə çıxmalı olduq ki, özümüzlə heç nə götürə bilmədik. Qonşuların köməyi ilə mal-qaramızı daşıdıq. Evə son dəfə baş çəkəndə bir bala heyvanın anasız qaldığını gördüm... Biz ana torpaqdan ayrı düşsək də, o canlı anasız qalmasın deyə balanı da götürüb çıxdım. Yoldaşımın anası düşmən gülləsinə tuş gəldi. Dörd ildən sonra 50 yaşında başından aldığı güllə yarasından vəfat etdi.

- 30 il ərzində harada məskunlaşdınız və hansı işlə məşğul oldunuz?

On beş il Ağcabədidə yaşadıq. Atam, anam Laçın həsrəti ilə bu dünyadan köçdülər. Onları elə orada dəfn etdik. Prezidentimiz sağ olsun, bizə Bakıda sığınacaq verdi. Qalan 15 ili burada yaşayırıq. Laçında bəzən çilingər işi ilə də məşğul olurdum. Bakıda usta işləməyə başladım. Beləcə ailəmi dolandırdım.

-Prezident, Müzəffər Ali Baş Komandanın Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, Zabux və Sus kəndlərini nəzarətə götürməsi xəbərini eşidəndə hansı hissləri keçirdiniz?

-Xəbəri eşidən kimi ovuclarımı açıb "Şükür sənə, İlahi" deyib sevinc göz yaşlarına qərq oldum... Allah Prezidentimizə cansağlığı versin. Şəhidlərimizin ruhu şad olsun. Valideynlərim Laçın həsrəti ilə bu dünyadan köçsələr də, bizim ailə bu xoş günü yaşadı. İcazə versələr, Laçından bir ovuc torpaq götürüb ata-anamın məzarı üstünə tökəcəyəm...

-Ailə demişkən, həyətin o başına, bu başına qaçanlar yəqin nəvələrinizdir...

-Bəli, 12 nəvəm var. Hamımız evimizə qayıtmağa hazırıq. Hər gün nəvələrimə el-obadan danışıram. Onlar da "baba, Laçına bizi də apar ha!" deyirlər. Yaşımın 60 olmasına baxmayın, qoçaq insanam, əlimdən hər iş gəlir. Bu saat gedib torpağı qazıb elə oradaca yaşamağa razıyam. Təki doğma elimə qayıdım. Ailəliklə Prezidentin bizi də evlərimizə köçürəcəyi günü səbirsizliklə gözləyirik.

İllərdir el-oba həsrəti ilə yanan insanların sevinc göz yaşları bizi də kövrəldir... Atası İxtiyar kişinin nitqini qızı Rüxsarə Quliyeva davam etdirir: "Laçından çıxarkən 8 yaşım var idi. Birinci sinfi yeni bitirirdim. Məktəb çantamı götürmək istəyirdim ki, anam onsuz da “sabah qayıdacağıq” dedi. Amma evimizə geri dönməyimiz düz 30 il çəkdi... Bütün Azərbaycan xalqına ev-eşiklərində rahat yaşayıb yaşlanmağı arzu edirəm". (AZƏRTAC)

Oxşar xəbərlər