Bu barədə siyasi ekspert Yevgeni Mixaylov bildirib.
Ekspert hesab edir ki, Avropa Parlamentinin bu addımlarının arxasında Bakının ən mühüm təhlükəsizlik aktorlarından biri olduğu Cənubi Qafqaz regionunda vəziyyətin sabitliyini pozmaq cəhdi durur.
Onun fikrincə, qlobal qarşıdurma şəraitində Qərb indi öz əhəmiyyətini göstərmək və öz oyun qaydalarını qəbul etdirmək üçün maksimum səy göstərir.
Y.Mixaylov bu qətnaməni Avropa parlamentarilərinin gizli paxıllığı və nifrəti kimi qiymətləndirib.
O, həmçinin avroparlamentarilərin bu "fəallığını" onların Azərbaycanı COP29-a ev sahibliyi edən tərəf kimi qəbul etməmələri ilə əlaqələndirib. "Düşünürəm ki, Avropa Parlamentinin anti-Azərbaycan bəyanatlarına təəccüblənmək lazım deyil. Təşkilat üçün bu artıq normal praktikaya çevrilib. İndi Avropa Parlamentinin bütün addımları beynəlxalq iqlim konfransına ev sahibliyi etməyə hazırlaşan Azərbaycanı nüfuzdan salmağa yönəlib", - politoloq bildirib.
Y.Mixaylov əlavə edib ki, Avropa Parlamentinin noyabrda Bakıda keçiriləcək iqlim konfransını nüfuzdan salmaq planları uğursuzdur: "Şübhəm yoxdur ki, o, ən yüksək səviyyədə keçiriləcək. Burada bir atalar sözü yerinə düşür: it hürər, karvan keçər. Bakının qətiyyən çəkinəcəyi bir şey yoxdur. Kazanda BRICS sammitində dünyanın ən böyük liderləri tərəfindən COP-un Bakıda keçirilməsinə dəstək ifadə olunub". (Report)