“ABŞ-ın davranışları getdikcə ATƏT-in Minsk qrupunda 30 illik həmsədrlik dövründəki davranışlarına bənzəyir". Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu mətbuata açıqlamasında deyib. Millət vəkili əlavə edib ki, 30 il ərzində Azərbaycana beynəlxalq hüquqdan danışıb, problemin hərbi yolla həllinin olmadığını dedikləri kimi, indi də ölkəmizlə sülhdən danışıb, Ermənistanı isə silahlandırırlar: "Bu, Vaşinqtonun sülhə, regiona və beynəlxalq hüquqa münasibətdə davranışlarının göstəricisidir. Yəni dolayısı ilə ABŞ öz ənənəvi ampluasındadır.
Azərbaycan onsuz da yaxşı bilirdi ki, sülh məktubu göndərən ABŞ artıq xeyli vaxtdır Ermənistana hərbi təlimatçılar göndərir, bu ölkədəki xüsusi təyinatlı qüvvələri müharibəyə hazırlamaqla bağlı təlimlər keçir. Üstəlik, Ermənistana silah da göndərirlər. Bu yanaşma isə Amerikanın ikili standartlarından, ikiüzlü siyasətindən xəbər verir. Azərbaycan heç kimin dəstəyi olmadan torpaqlarımızı işğal altından necə azad etdisə, sülhü də heç kəsin dəstəyi olmadan, məcburən regiona gətirəcək.
Amerikanın bu davranışları Azərbaycanı məhz növbəti sülhə məcburetmə tədbirləri görməyə sövq edir. ABŞ bunu istəyirsə, Azərbaycan yenə öz ordusunun gücü ilə Ermənistanı sülhə məcbur edəcək. Çünki sülh ölkəmiz üçün strareji məqsəddir və onu əldə etmək üçün hər bir addımı atmaqda qərarlıyıq”.
Tahirə AĞAMİRZƏ