22.11.2024, 15:17
AZ EN
15.10.2023, 13:19 184

Vaxtanq Maisaia: Ermənistan tərəfinin siyasi iradəsi olmadığı üçün bölgənin minalardan təmizlənməsinə effektiv yanaşma yoxdur

XƏBƏRLƏR
  • Bu gün münaqişələrdən əziyyət çəkən bölgələrdə, o cümlədən Azərbaycanda və Gürcüstanda minalanmış ərazilərlə bağlı çox ciddi problemlər var. Azərbaycan torpaqlarını işğaldan azad edib. Amma xeyli ərazi hələ də minalardan təmizlənməyib. Bunun nəticəsində dinc insanlar həlak olurlar.

Bu sözləri gürcü hərbi ekspert, “Dünya Qafqazda sülh üçün” (“World for Peace in Caucasus”) adlı beynəlxalq kampaniya çərçivəsində elan olunmuş “Minadan azad dünya üçün” petisiyanın Cənubi Qafqaz üzrə aparıcılarından biri Vaxtanq Maisaia söyləyib.

Onun sözlərinə görə, minalanmış sahələrin cəmiyyətə, təbiətə vurduğu ziyanın miqyasını, miqdarını ölçmək olmur. Ekspert deyir ki, bu gün Azərbaycan və Gürcüstan demək olar, eyni problemi, ağrı-acını yaşayır. Gürcüstanın Abxaziya bölgəsində də minalanmış sahələr var. Azərbaycana gəldikdə, Ermənistan konkret olaraq ortaya siyasi iradə qoya bilmir və bu da məsələnin həllini xeyli çətinləşdirir.

Bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərlə bağlı çoxsaylı məsələlərin həlli ilə məşğuldur.

Vaxtanq Maisaia hesab edir ki, məsələni kökündən həll etmək üçün müstəqil regional mərkəz yaradılmalıdır və bu mərkəz minalanmış ərazilərin təmizlənməsi ilə bağlı həm əməli işlərin görülməsində, həm də mütəxəssis hazırlığında köməklik göstərməlidir.

O deyib: “Bu gün Azərbaycan regionda sülhün bərqərar olması və davamlı inkişaf naminə çox mühüm təşəbbüslərlə çıxış edir. Gürcüstan və Türkiyə bu təşəbbüsləri dəstəkləyir. Amma Ermənistan tərəfi hələlik bu təşəbbüslərə qoşulmayıb”. (AZƏRTAC)

Oxşar xəbərlər