Bu sözləri Qərbi Azərbaycan İcmasının sözçüsü - İcmanın İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri Ülviyyə Zülfiqar söyləyib.
O bildirib ki, 1987-ci il noyabrın əvvəlində Qafandan azərbaycanlıların ilk deportasiyası baş verdi və onlar şəraitsiz, insan daşımaq üçün nəzərdə tutulmayan qatarlara mindirilərək öz ata–baba yurdlarından çıxarıldılar. Ardınca 1991-ci ilədək Qərbi azərbaycanlıların sistemli şəkildə deportasiyası həyata keçirildi. Soydaşlarımız rayon-rayon, şəhər-şəhər, kənd-kənd ən acınacaqlı şəraitdə, soyuq havalarda cəmi bir neçə saat ərzində öz evlərini piyada tərk etməyə vadar olundular. Deportasiya nəticəsində Qərbi azərbaycanlıların maddi, eləcə də qeyri–maddi mədəni irsinə ağır zərbələr dəyib, onlar mal–mülklərini itirdilər. Bu gün də soydaşlarımızın çıxdıqları evlərin, kəndlərin çoxu dağıdılıb və tərk edilmiş vəziyyətdə qalmaqdadır. Torpaqlarımız işğaldan azad edilərkən gördüyümüz xarabalıqların, evlərin, yaşayış məntəqələrinin görüntüləri eynilə həmin kəndlərdədir”, - deyə Ü.Zülfiqar vurğulayıb.
O əlavə edib ki, soydaşlarımızın yaşadıqları məntəqələrin adları dəyişdirilib, toponimlərimiz başqa adlarla əvəz olunub. Qərbi azərbaycanlıların fundamental, baza insan hüquqları pozulub. Onlar öz vətənlərindən zorla çıxarılıblar. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinin ikinci bəndinə görə, onların geri qayıdış hüququ var. Bundan başqa, BMT-nin də məlum dörd qətnaməsindən ikisində Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı əsaslar var. Belə ki, 1993-cü ildə qəbul edilmiş 853 və 874 saylı qətnamələrdə bölgədəki qaçqınların geri qayıtmasına şərait yaratmaq tələb olunur. (AZƏRTAC)