"Vətən səsi" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov bildirib. Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh razılaşmasına dair xeyli ziddiyyətlər var və hazırda həmin ziddiyyətlərin gələcəkdə yaradacağı problemlər ətrafında müzakirələr gedir: Əsas problemlər Azərbaycan torpaqlarına əsassız iddianın geri götürülməməsindən və Qarabağ ermənilərinin qaydışı məsələsindən qaynaqlanır. Çünki Ermənistan tərəfi Qarabağ ermənilərinin geri qayıdışı ilə bağlı bəyanatları nadir hallarda müəyyən fikirlər səsləndirsə də, bəzi Qərb ölkələri və beynəlxalq təşkilatlar bu məsələ ətrafında müzakirə açmaqda maraqlı görünür. Azərbaycana qarşı ərazi iddialarına da dair müəyyən fikirlər səsləndirilir. Bu məsələrin ümumi analizindən o nəticəyə gəlmək olar ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanması real deyil. Bunun üçün kompleks yanaşma olmalı, narahatlıq doğuran məsələlər aydınlıq gətirilməlidir".
Politoloq əlavə edib ki, sülh sazişinin noyabrda Bakıda keçiriləcək COP29 sammitinə qədər imzalana biləcəyinə dair Ermənistan rəsmilərinin səsləndirdiyi iddialar sadəcə görüntü xarakteri daşıyır. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi reallıqları nəzərə alaraq sülh naminə müvafiq addımlar atsaydı COP29-a qədər sazişin imzalanması real ola bilərdi: "Əslində bu, pis yanaşma deyil. Azərbaycan hökuməti də sülh müqaviləsinin COP29-a qədər imzalanması ilə bağlı Ermənistanın etiraz etməmişdi. Amma Ermənistan öz konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına dair müddəanı ləğv etmədi. Halbuki sülh sazişinin imzalanması üçün Azərbaycana irəli sürdüyü əsas şərtlərdən biri Ermənistan öz konstitusiyasına dəyişiklik etməklə Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsidir. Bu şərt yerinə yetirilməyincə tərəflər arasında sülh razılaşması mümkün deyil".
Zaur Məmmədov bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında Qərbin də xüsusi maraqları var. Onun fikrincə, bu, Qərb ölkələrinə Ermənistanın Avropaya inteqrasiyasının sürətləndirilməsi üçün lazımdır: "Çünki Paşinyan hakimiyyəti və onun Qərbdəki tərəfdaşları güman edirlər ki, İrəvanla Bakı arasında sülh razılaşması Ermənistanın Avropa İttifaqına yaxınlaşmasına şərait yaratacaq və bu, bütövlükdə Cənubi Qafqazın Qərbə inteqrasiyasına xidmət edə bilər. Buna görə də Ermənistan guya, COP29-a qədər sülh sazişini imzalamağa hazır olduğunu tez-tez bəyan etməklə imitasiya ilə məşğuldur".
Belə görünür ki, hiyləgər Ermənistan yenə öz oyununu oynayır. Paşinyanın və komandasının məqsədi Qərbdəki tərəfdaşlarında guya, Azərbaycanın sülh istəməməsi təəssüratı yaratmaqla vaxt qazanmaqdı. Amma bu da faydasızdır və beynəlxalq ictimai rəydə hakim olan erməni yalanları tezliklə sabun köpüyü kimi əriyib itəcək.
Elxan SALAHOV