"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan Parlamentlərarası İttifaqın 149-cu Assambleyasının ümumi müzakirələrində çıxışında deyib. O, bildirib ki, sülh prosesi bir neçə ay əvvəl ciddi şəkildə başlayıb.
“Azərbaycan beynəlxalq səviyyədə tanınmış 5 bənd üzrə razılaşmamızı istəyirdi, mən şadam ki, bu gün biz 16 bənd üzrə tam razılığa gəldik. Xanımlar və cənablar, yaxşılar artıq yaxşıların düşməni olmamalıdır. Sülh bərqərar etməyin vaxtı gəldi. Sülh vaxtıdır”, - Simonyan bildirib.
Azərbaycan tərəfi Simonyanın Cenevrədəki bu açıqlamasına hələ ki, rəsmi cavab verməyib.
Politoloq Asif Nərimanlı isə mövzunu şərh edərkən bildirib ki, sülh sazişi layihəsində razılaşdırılmayan bəndlər üzərindəki ziddiyyətli mövqe fonunda Simonyanın yalan danışdığını ehtimal edir. Onun sözlərinə görə, Azərbaycan sazişə paket formatında yanaşır və ötən həftə Prezident İlham Əliyev Moskvada “Bütün məsələlər razılaşdırıldıqdan sonra razılığa gəlmək olar” açıqlaması təsadüfi deyil: "Ötən bir həftədə nə Bakının, nə də İrəvanın mövqeyində korektlər nəzərə çarpmayıb. Simonyanın bu iddianı irəli sürməsi diplomatik hiylə xarakteri daşıyır. Onun Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 149-cu Assambleyasında bunu dilə gətirməkdə məqsədi beynəlxalq ictimai rəyi manipulyasiya etmək cəhdidir. Ermənistan bu cür manevrlərlə razılaşdırılmayan bəndləri kənara qoymaq, razılaşdırılmış bəndlər üzərində saziş imzalamaq hədəfinə beynəlxalq dəstək qazanmaq niyyətindədir. Belə bir iddia Bakının cavab zərurətini yaradacaq ki, bu da İrəvana “Azərbaycan sülhdən yayınır” rəyini yaratması imkanı verir".
Elxan SALAHOV