30.12.2024, 18:47
AZ EN
10.10.2024, 14:06 281

Keşiş Paşinyana qarşı cinayət işi açdırmaq istəyir

XƏBƏRLƏR
  • Ermənistanda hakimiyyətə qarşı sərt radikal və barışmaz mövqeyi ilə tanınan arxiyepiskop Baqrat Qalstanyan Baş nazir Nikol Paşinyana qarşı cinayət işinin açılmasını tələb edir.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Baş nazir Ermənistan konstitusiyasını dəyişməkdə, Müstəqillik Bəyannaməsi haqqında müddəaların qanunsuz elan edilməsində, hətta ermənilərə qarşı soyqırında və etnik təmizləmədə iştirakda günahlandırılır.

"Biz Paşinyana qarşı soyqırımı və etnik təmizləmədə iştiraka görə cinayət işinin başlanmasını tələb edirik. Ermənistanın Baş Prokurorluğu təcili olaraq hər iki iş üzrə Baş nazirə cinayət işi açmalıdır", - deyə "Vətən naminə Tavuş" müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan bildirib.

Erməni Apastol Kilsəsinin keşişi Baqrat Qalstanyan onu da əlavə edib ki, konstitusiyanın dəyişdirilməsinə və Müstəqillik Bəyannaməsi haqqında müddəaların etibarsız hesab edilməsinə görə Paşinyanı daha ağır cəza gözləyir: "Bu, cinayət işinin başlanmasına görə ikinci tələbimizdir. Əslində birinci tələb konstitusiyada çox mühüm bir müəədanın etibarsız hesab olunması haqqında Konstitusiya Məhkəməsinin məlum qərarı ilə bağlı cinayət işinin başlanmasıdır".

Xatırladaq ki, sentyabrın 30-da Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyaların işi haqqında əsasnamə layihəsini təsdiqləyib. 33 səhifəlik qərarın böyük hissəsi Ermənistanın “istiqlal bəyannaməsinə” həsr edilib. Qərarda deyilir ki, “istiqlal bəyannaməsi” ana qanunla bərabərhüquqlu deyil və konstitusiya preambulasında qeyd olunan “erməni dövlətçiliyinin əsas prinsiplərinə və istiqlal bəyannaməsində təsbit olunmuş milli məqsədlərə əsaslanaraq” müddəası heç bir prinsip və məqsədə istinad etmir. Bu isə o deməkdir ki, İrəvan qondarma “miatsum”dan, yəni Azərbaycanın əzəli ərazisi olan Qarabağın Ermənistana birləşməsi ideyasından imtina edib.

Elxan SALAHOV

Oxşar xəbərlər