"Vətən səsi" xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib. O, qeyd edib ki, Baş nazir Nikol Paşinyanın sentyabrın 26-da BMT-də çıxışı zamanı sülh sazişinin artıq razılaşdırılmış müddəaların noyabrda keçiriləcək COP-29 sammitinə qədər imzalamaq təklifi və Ermənistan Konstitusiya Məhkəməsinin qərarı da buna hesablanıb: "Sentyabrın 30-da Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyaların işi haqqında əsasnamə layihəsini təsdiqlədi. Əsas diqqətçəkən məqam 33 səhifəlik qərarın böyük hissəsinin Ermənistanın “istiqlal bəyannaməsinə” həsr edilməsidir. Məhkəmənin qərarında deyilir ki, “istiqlal bəyannaməsi” heç vaxt konstitusiya dualizmi məqsədi olmayıb, yəni ana qanunla bərabərhüquqlu deyil və konstitusiya preambulasında qeyd olunan “erməni dövlətçiliyinin əsas prinsiplərinə və istiqlal bəyannaməsində təsbit olunmuş milli məqsədlərə əsaslanaraq” müddəası heç bir prinsip və məqsədə istinad etmir".
Siyasi şərhçi bildirir ki, Ermənistan Konstitusiya Məhkəməsinin bu qərarı faktiki olaraq rəsmi İrəvan qondarma “miatsum”dan, yəni Azərbaycanın əzəli ərazisi olan Qarabağın Ermənistana birləşməsi ideyasından imtina etməsi deməkdir. Onun sözlərinə görə, artıq bu, Konstitusiya Məhkəməsinin qərarı şəklində elan olunub: "Ermənistanın “Miatsum”dan imtinanın Paşinyanın BMT-dəki çıxışından sonra elan olunması da təsadüfi deyil. Paşinyanın BMT-də “COP-29-a qədər sülh sazişini imzalayaq” çağırışı razılaşdırılmayan müddəaları kənara qoyaraq, razılaşdırılan bəndlər üzərində sazişin imzalanması” məqsədinə beynəlxalq dəstəyin əldə edilməsinə hesablanıb".
Ekspertin fikrincə, bu məsələnin məhz COP-29 sammiti ərəfəsində ortaya atılması Ermənistanın məqsədinə xidmət edir. Çünki iqlim tədbirinə qədər Bakı-İrəvan xəttində sülhlə bağlı sənədin imzalanması üçün beynəlxalq çağırışlar var. Asif Nərimanlı bildirib ki, rəsmi Bakı buna hazır olduğunu daha öncədən bəyan edib: "Amma eyni zamanda cari şərt kimi Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyasının dəyişdirilməsi istənilib. Ermənistan konstitusiyasını dəyişdirmək niyyətində deyil, lakin sazişin imzalanmasını da istəyir".
Asif Nərimanlı Paşinyan hakimiyyətinin bu siyasi manevrinin əsas məqsədi özünü sülhə hazır kimi göstərməklə xaricdən daha çox dəstək almaqdır: "İrəvan bununla COP-29-a qədər sazişi imzalamağa hazır olduğunu beynəlxalq ictimaiyyətə çatdırır. Konstitusiya məhkəməsinin qərarı ilə qondarma “miatsum”dan imtina edərək, “Bakının konstitusiyada təhlükə kimi gördüyü məsələnin həll edildiyi” və “sazişin imzalanması önündə maneənin qalmadığı” rəyini yaratmağa çalışır. Ermənistanın məqsədi razılaşdırılan bəndlər üzərində sazişin imzalanmasıdır. Bununla həm razılaşdırılmayan məsələləri – Bakının tələblərini arxa plana keçirir, həm də münasibətlərin normallaşması üçün Azərbaycan tələbini irəli sürən Türkiyənin şərtini icra edərək sərhədlərin açılmasına, Qərbə çıxış imkanı əldə etməyə nail olmaq istəyirlər. Hərçənd, rəsmi Bakı sülh sazişinin paket şəkildə imzalanmasının tərəfdarıdır. Ermənistan özünün konstitusiya problemini bu və ya digər formada həll etsə belə, bütün tələblər icra edilmədən müqavilənin baş tutması sual altındadır".
Elxan SALAHOV