"Vətən səsi" xəbər verir ki, hələ 44 günlük müharibədən sonra rəsmi Bakı sülh razılaşması çərçivəsində bu məsələni ilkin şərt kimi bəyan edib. Artıq beynəlxalq ictimaiyyətə də məlumdur ki, İrəvan I Qarabağ müharibəsi və işğal dövründə törədikləri vandalizmə görə Azərbaycana təzminat ödəməlidirlər. Siyasi təhlilçilər də o qənaətdədir ki, bu məsələ sülh sazişində öz əksini tapmadığı halda, regionda uzunmüddətli barışığın əldə ediləcəyi sual altındadır.
Bəs, iqtisadi cəhətdən Rusiyadan asılı vəziyyətdə olan Ermənistan hətta təzminat öhdəliyini üzərinə götürsə belə, bu tələbi necə yerinə yetirəcək?
Ehtiyatda olan general Yücel Karauz Türkiyə ilə Yunanıstan arasında belə bir nümunənin olduğunu, Ermanistanın da eyni addımı ata biləcəyini söyləyib. Onun sözlərinə görə, tarixdə müharibə təzminatı ilə bağlı bir sıra nümunələr var və onlardan yalnız biri Türkiyə və Yunanıstan arasında razılaşdırılaraq icra olunub: "Türkiyə ilə Yunanıstan arasında gedən müharibədə Yunanıstanın məğlub olmasından sonrakı proseslər bir nümunə kimi ortadadır. Yunanıstan iqtisadi çətinliklərə görə təzminatı ödəyə bilmədi. Buna görə də Türkiyə təzminat qarşılığında Ədirnənin Karaağaç mahalını onlardan geri aldı”.
Yücel Karauz bildirib ki, 1988-ci ildən bəri Ermənistan Azərbaycan torpaqlarına, tarixi irsinə, dini və mədəni abidələrinə, dəyərlərinə və xalqına böyük ziyan vurub. Belə olan halda Azərbaycanın bütün bunlara görə təzminat tələb etməsi normaldır: "Lakin Ermənistanın bu tələbi yerinə yetirməyə gücü çatmır. Təzminat verməyin müxtəlif yolları var. Məsələn, Azərbaycan tərəfi 1988-ci ilə qədər azərbaycanlıların yaşadığı torpaqları geri istəyə bilər. Buna Ermənistan müsbət yanaşarsa, Azərbaycan da təzminat məsələsini bağlaya bilər. Yəni, 32 il ərzində Ermənistanın Azərbaycana vurduğu ziyanın əvəzi mütləq ödənilməlidir. İrəvan təzminat ödəyərək hüquqi öhdəliyini yerinə yetirməlidir. Çünki Ermənistanın Azərbaycana qarşı hərbi müdaxiləsi beynəlxalq hüququn fundamental prinsiplərini pozan və beynəlxalq hüquq tərəfindən qadağan edilmiş təcavüz aktıdır”.
General təzminat məsələsinin tarix boyu dövlətlərarası münasibətlərdə daha çox ticarət müstəvisində olduğuna da diqqət çəkib: “Buna görə də Azərbaycan xalqının daha əvvəl yaşadığı bölgələrin araşdırılması və buna uyğun olaraq təsdiqlənməsi vacibdir. Sülh müqaviləsi imzalanarkən bu məqamlara diqqət yetirmək lazımdır. Ermənistan konstitusiyasında həm Türkiyə, həm də Azərbaycanın əleyhinə maddələr var. Bu məsələyə də aydınlıq gətirilib, düzəlişlər edilməlidir. Ermənistanda konstitusiya islahatları ilə bağlı referendumun 2027-ci ildə keçirilməsi planlaşdırılır. Lakin bütün bunlar mümkün qədər tez olmalıdır”.
Elxan SALAHOV