Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, artıq Laçın şəhərində, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşmış ermənilər həmin əraziləri tərk edirlər. Təəssüf ki, bu proses zamanı da biz erməni vandalizminin, yəni evlərin, meşələrin yandırılmasının şahidi oluruq. Bu faktlar təbiətimizə, ekologiyamıza vurulan zərbələrdir.
Deputatın sözlərinə görə, həmin ərazilərə xaricdən ermənilər qanunsuz olaraq köçürülüb ki, bu da beynəlxalq cinayətdir. Ona görə də, tarixi torpaqlarımızda qanunsuz məskunlaşdırılmış ermənilər tam şəkildə çıxmalıdır. Eyni zamanda, erməni tərəfi bu cinayətə görə cavab verməlidir. Bundan əlavə, kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan mövqeyində qətiyyətlidir. Tezliklə, Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə qaytarılacaq.
"Bunun nəticəsində də, həmin ərazilərdən məcburi köçkün vəziyyətinə düşmüş insanlar doğma yurdlarına qayıdacaqlar. Prezidentimiz, dövlətimiz milli maraqlarımıza xidmət edən siyasət həyata keçirir və bu siyasətin uğurlu nəticələrinə hər birimiz şahid oluruq. Digər tərəfdən, Ermənistan da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, Zəngəzur dəhlizinin reallaşmasına əngəl törətməməlidir. Rəsmi İrəvan anlamalıdır ki, bu dəhlizin reallaşması ermənilər üçün də faydalıdır. Çünki o yalnız bunun sayəsində sosial-iqtisadi baxımdan dividendlər qazanacaq. Digər tərəfdən isə Azərbaycan bu dəhlizin açılmasında qətiyyətlidir və öz mövqeyində 10 noyabr razılaşmasına istinad edir", - deyə Fatma Yıldırım vurğulayıb. (AZƏRTAC)