"Vətən səsi" xəbər verir ki, politoloq Zərdüşt Əlizadə Zəngəzur dəhlizi layihəsi ətrafında geosiyasi maraqların doqquşması mövzusundan danışarkən belə deyib. O, bildirib ki, hazırkı ABŞ administrasiyasının hakimiyyətinə bir neçə ay qalmasına baxmayaraq, onlar bu missiya üçün sona qədər mübarizə aparır: "Çünki Amerikada mövcud olan iki partiya, “Demokratlar” və “Respublikaçılar” ölkənin maraqları üçün bütün gedişləri etməyi özlərinə borc bilir”.
Politoloq hesab edir ki, Amerika indiki halda Zəngəzur dəhlizi məsələsində öz maraqlarının nəzərə alınmasını istəyir: “Vaşinqton Ermənistan vasitəsi ilə Zəngəzur dəhlizinə nəzarət etməkdə maraqlıdır. 40 kilometrdən artıq olan bu dəhliz əslində mühüm kommunikasiya xəttinin bir hissəsidir. Ona görə də, Ağ Ev bu məsələdə daha çox israrlı davranır”.
Zərdüşt Əlizadəyə görə, Orta Dəhlizin bir hissəsi olan Zəngəzurdan keçən xəttə Amerika nəzarət etmək iddiasındadır: “Rusiya isə dəhlizə nəzarət məsələsində heç kəsə güzəştə getmək istəmir. Ona görə də, ziddiyyətlər yaranır. Nəticədə, dəhlizin açılması yubanır. II Qarabağ müharibəsindən artıq 4 il keçib. Amma dəhliz məsələsində irəliləyiş yoxdur. Azərbaycan üçün əsas şərt Naxçıvana yolun açılmasıdır. Dəhlizin hansı şərtlərlə işləməsi isə danışıqların nəticəsində mümkün olacaq”.
Elxan SALAHOV