26.02.2024, 12:41
AZ EN
22.08.2022, 13:55 329

Jalə Əliyeva: Laçın da, Zabux da, Sus da öz əbədi-əzəli sakinlərini səbrsizliklə gözləyir

XƏBƏRLƏR
  • “…Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən Dövlət Qaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar və biz onları yaxın zamanlarda öz doğma yerlərinə qaytaracağıq…”

Bu sözləri Müzəffər Ali Baş Komandan, qalib Sərkərdə, Prezident İlham Əliyev bir neçə gün əvvəl Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.

Müsahibəsində bir çox məsələlərə toxunan Ali Baş Komandan Ermənistanın, fitnəkar ermənilərin son təxribatlarına, o cümlədən onlar tərəfindən qanunsuz məskunlaşdırma siyasətinin davam etdirilməsinə toxunaraq növbəti dəfə xəbərdarlıq etdi, sərt mesajlar verdi.

Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyeva bildirib.

Deputat bildirib: “Müsahibəsində “…Biz bu yeni Laçın yolunu inşa etməyə başlayanda Rusiya tərəfi vasitəsilə Ermənistana müraciət etdik və dedik ki, – çünki mən təxmin edirdim ki, onların necə deyərlər belə hoqqabazlığı olacaq, - təklif etmişdik ki, gəlin biz də sizin ərazidə yol tikək. Orada cəmi 8-9 kilometrdir. İmtina etdilər bundan. Dedilər ki, yox, biz özümüz edəcəyik. Və nə vaxt buna başladılar?! Özü də buna başlamaq demək mümkün deyil, çünki elə ancaq texniki-iqtisadi əsaslandırmasını bunlar indi işləyirlər. O vaxt ki, biz artıq rəsmi məktubla Rusiya tərəfinə bildiriş göndərdik. Bildiriş göndərdik ki, bu yolu biz başa çatdırırıq avqustun 5-də və xahiş edirik ki, siz sülhməramlı kontingentin postlarını köhnə yoldan yeni yola keçirin. Bu da təbiidir. Biz bu məktubu onlara göndərəndə yəqin ki, Ermənistan tərəfi də o məktubla tanış oldu, ondan bir gün sonra Ermənistan bəyan etdi ki, biz bu yolun iqtisadi əsaslandırmasını başlamaq istəyirik və 2023-cü ilin sonuna qədər biz bunu inşa edəcəyik. Yəni, bu, faktiki olaraq manipulasiyadır” deyən dövlətimizin başçısı bəyan etdi ki, bu, tamamilə qeyri-ciddi və qeyri-adekvat addımdır. Azərbaycan Prezidenti Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanların çıxarılmalı olduğunu bir daha xatırlatdı.

J.Əliyeva diqqətə çatdırıb ki, bu, təbiidir, bu, bizim haqlı tələbimizdir. Çünki onların orada qalması, əslində, müharibə cinayətidir. Çünki bu, Cenevrə konvensiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşdırma apara bilməz.

“Son günlər baş verənlər, Laçın rayonunun Zabux və Sus kəndlərində qeyri-qanuni məskunlaşdırılmış ermənilərin yaşadıqları yeri tərk edərkən evləri yandırmaları, ərazinin ekosisteminə zərər vurmaları məkrli və fitnəkar qonşularımızın nə qədər barbar, vandal olduqlarının növbəti nümayişidir. Onlardan yaxşı heç nə, insanlıq gözləməyə dəyməz. Özlərinin dağıdıcı, barbar mahiyyətlərinə uyğun davranırlar.

Ümumiyyətlə, Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində-dəfələrlə ermənilərin vandallığına, barbarlığına məruz qalıb.

Bütün bunlara baxmayaraq, Azərbaycan həm 44 günlük Vətən müharibəsində, həm də postmüharibə dövründə sülhpərvər, humanist mövqe nümayiş etdirib.

Prezident İlham Əliyevin də dediyi kimi, Qarabağdakı etnik ermənilər Azərbaycan vətəndaşı kimi bu ərazilərdə yaşaya bilərlər, lakin onların nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə yaşayacaqlar”, - deyə deputat əlavə edib.

Jalə Əliyeva vurğulayıb ki, Laçın rayonunun Zabux və Sus kəndlərində yaşayan ermənilər oraya qanunsuz olaraq yerləşdiriliblər. Bu, qeyri-qanuni məskunlaşmadır və beynəlxalq hüquqa tamamilə ziddir. Vaxtilə burada yaşayan minlərlə azərbaycanlı öz doğma ata-baba yurdundan didərgin salınıb. Onların doğma yurdlarına geri qayıtmaları beynəlxalq hüquq, eləcə də haqq-ədalətin bərpası baxımından olduqca önəmlidir. Ermənilər Ağdamı, Kəlbəcəri, Laçını tərk edərkən törətdikləri vəhşilikləri indi də Laçın şəhərində, Zabux və Sus kəndlərində edirlər. Beynəlxalq münasibətlər sistemində mövcud olan ikili standartlar dünyanın gözünü bağlasa da, qulaqlar kar, gözlər kor olsa da, reallığı inkar etmək mümkün deyil. Azərbaycanlılarla ermənilər arasındakı fərq göz qabağındadır, bunun sübuta ehtiyacı yoxdur.

“Biz Laçına da, Zabuxa da, Susa da qayıdacağıq. Orada bir dənə də olsun erməni qalmamalıdır və qalmayacaq. İşğala qədər orada ermənilər yaşamayıblarsa, işğal aradan qaldırıldıqdan sonra da orada ermənilər ola, yaşaya və qala bilməzlər. Laçın da, Zabux da, Sus da öz əbədi-əzəli sakinlərini, bu torpaqların qanuni sahibləri olan insanları, azərbaycanlıları, laçınlıları həsrətlə və səbrsizliklə gözləyir. Biz qayıtmışıq, biz qayıdırıq, biz qayıdacağıq! Bizim qarşımızı kimsə kəsə, kimsə bizi öz yolunmuzdan döndərə, kimsə bizi dayandıra bilməz və bilməyəcək.

Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır!”, - deyə Milli Məclisin deputatı fikirlərini yekunlaşdırıb. (AZƏRTAC)

Oxşar xəbərlər