"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Kassasiya Məhkəməsi ittihamların yenidən təsnifatlandırılması üçün Konstitusiya Məhkəməsinə müraciət edib. Konstitusiya Məhkəməsi qərara alıb ki, Cinayət Məcəlləsinin ittihamın əlavə edilməsi və ya dəyişdirilməsi imkanını müəyyən edən maddəsinin müvafiq hissəsi Konstitusiyaya uyğundur. Xüsusən, məhkəmədə başqa cinayətin törədilməsinə dair sübutlar ortaya çıxdıqda, prokuror məhkəmənin müşavirə otağına getməsindən əvvəl ittihamı dəyişdirə bilər.
"Prokurorluq, böyük ehtimalla, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya səhlənkarlıqla bağlı yenidən təsnifatlandırma etmək niyyətindədir. Amma indiki mərhələdə Cinayət Prosessual Məcəlləsi buna imkan vermirdi. İndi hər şey Kassasiya Məhkəməsinin hansı qərarı verəcəyindən asılıdır", - deyə sabiq prezidentin vəkillər qrupunun üzvü Ayk Alumyan qeyd edib.
Xatırladaq ki, 2021-ci ildə Koçaryana qarşı cinayət təqibi dayandırılıb və 2008-ci il hadisələri zamanı konstitusiya quruluşunu devirməkdə ittiham olunduğu maddə Konstitusiya Məhkəməsi tərəfindən Konstitusiyaya zidd hesab edilib.
Elxan SALAHOV