19.10.2024, 16:34
AZ EN
13.09.2024, 19:59 140

Ermənistanı silahlandıran Qərb başa düşməlidir ki, bu, regiona sülh gətirmir

XƏBƏRLƏR
  • Biz çox paradoksal vəziyyətlə qarşı-qarşıyayıq.

Bunu açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

O bildirib ki, Ermənistan 30 il ərzində BMT-in Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmirdi və torpaqlarımızı işğal etmişdi.

“Torpaqlarımız hesabına öz ərazilərini genişləndirmək iddialarını davam etdirirdi. 44 günlük müharibədə Azərbaycan birtərəfli şəkildə özü beynəlxalq hüququ bərpa etdi. Bütün bunlara baxmayaraq, Qərbdəki bəzi dairələrin və mərkəzlərin Ermənistan tərəflə məğlub ölkə kimi davranmamalarını görürük. Azərbaycanın haqqını qorumalı olan Qərbin bəzi mərkəzləri bizi günahlandırmağa başladılar. Bu, artıq Qərbin ikili standartlar nümayiş etdirməsinin bariz nümunəsi idi.

Sonrakı mərhələdə Ermənistanın və separatçıların silahlanmasına Qərb göz yumdu. Ermənistana müxtəlif adlar altında Qərbdən yardımlar edilir. Fransa və Hindistan Ermənistana birinci müdafiə xarakterli, daha sonra isə hücum və əks-hücum xarakterli silahlar verdi, bu gün Ermənistan əraziləri yeni silahlarla doludur. Sülh prosesinin getdiyi bir dövrdə hələ də konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası olan bir dövləti silahlandırmaq olmaz.

Söhbət sülh danışıqlarından gedirsə, söhbət Azərbaycanın daima qalib olmasına baxmayaraq, sülhə hazır olması ilə bağlı bəyanatlarından gedirsə, bu fonda niyə Ermənistan silahlanmalıdır?! Burada sual ortaya çıxır ki, gələcəkdə Azərbaycanın dövlət təhlükəsizliyi təhdid altında olarsa, Bakı hansı addımlar ata bilər?

Artıq 21-ci əsrdə bu presedentlər var. Bu presedentlər Qərb ölkələri tərəfindən verilib. Məsələn, İraqa, Əfqanıstana ABŞ və Qərb koalisiyasının daxil olması hansı kontekstdə baş verdi? Qərb bəyan etdi ki, mən təhdidlə üz-üzəyəm və öz təhlükəsizliyimi qorumaq üçün mütləq şəkildə İraqda, Əfqanıstanda anti-terror tədbirləri görməliyəm. Bu, Qərbdən 10 minlərlə kilometr uzaqlıqda olan ərazilərdə həmin dövlətlərin təhlükəsizliklərinin təhdidi ilə bağlı atdığı addımlar idi.

Bəs Azərbaycanın sərhədyanı ərazilərini ermənilər silahlanırsa, Ermənistan mütəmadi olaraq Naxçıvan, Kəlbəcər və digər sərhədyanı ərazilərdə Azərbaycan Silahlı Qüvvələrinə atəş açırsa, biz niyə öz hərbi təhlükəsizliyimizi qoruya bilmərik? Ona görə də bu gün Ermənistanı silahlandıran Qərb yaxşı başa düşməlidir ki, bu silahlandırma regionda sülhə yox, yeni müharibəyə gətirib çıxara bilər. Belə silahlandırma gələcəkdə xalqların sülh yox, yenidən müharibə şəraitində yaşamasına gətirib çıxaracaq.

Dünya praktikasında belə bir halla heç vaxt heç kim qarşılaşmayıb. Bu, çox pis presedentdir ki, işğalçı dövlət müharibədən sonra mükafatlandırılır, işğala məruz qalan dövlət isə günahlandırılır və ona qarşı siyasi təzyiq üsullarından istifadə edilir”, - deyə Z.Məmmədov qeyd edib. (Trend)

Oxşar xəbərlər