O, gənc futbolçulara müraciət edərək U12 komandasının turnirdə iştirakını “tarixi hadisə” adlandırıb.
Ersin Tatar Azərbaycan ilə ŞKTC arasında əlaqələrin inkişafında Prezident İlham Əliyevin şəxsi töhfəsini xüsusi qeyd edib.
“Müstəqil Türk Kipri xaricdə, qardaş Azərbaycanda uğurla təmsil olunub. Buna görə səmimi minnətdarlığımı bildirirəm”, - deyən ŞKTC Prezidenti Qubada keçirilən turnirin U-12 komandası üçün idman təcrübəsi əldə etmək üçün əla fürsət olduğunu diqqətə çatdırıb.
Kipr türklərinin lideri, həmçinin gənclərdən ibarət yığmanın Azərbaycandakı turnirdə iştirakı təşəbbüsünü dəstəklədiyi üçün Kipr Türk Futbol Federasiyasının (KTFF) prezidenti Həsən Sərtoğluna təşəkkür edib. “ŞKTC-yə beynəlxalq aləmdə yaradılan maneələrə baxmayaraq, yığma komandamız Azərbaycana səfər edib. Turnirdə iştirak qürur mənbəyidir və ŞKTC-nin idman tarixində mühüm səhifədir”, - deyə siyasətçi əlavə edib.
Onun sözlərinə görə, Lefkoşanın beynəlxalq embarqo rejimindən çıxış yolunda bütün hərəkətləri Türkiyə ilə sıx əlaqələndirilir: “Bu gün biz birbaşa əlaqələrin, birbaşa ticarətin və birbaşa aviaəlaqələrin qurulmasına arxalanırıq. Digərləri ilə yanaşı, ŞKTC idmançılarına qarşı embarqonun qaldırılması vacibdir. Türk Kiprinin gənclərini "cəzalandırmağa" heç kimin haqqı yoxdur. İdmançılarımızın yolunda hər hansı bir maneə ümumi qəbul edilmiş insan hüquqlarının pozulmasıdır”.
KTFF-nin rəhbəri Həsən Sərtoğlu da öz növbəsində Azərbaycanda keçirilən futbol turnirini ŞKTC idmanı üçün “yeni fürsət pəncərəsi” adlandırıb.
O qeyd edib ki, təcrid rejiminin pozulması Türk Kipri idmançılarının gələcək uğurları üçün şərtdir. (AZERTAC)