Bu fikirləri açıqlamasında türkiyəli siyasi ekspert Güngör Yavuzaslan söyləyib.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistana beşillik yardım paketini iki dəfədən çox artıraraq 120 milyon dollardan 250 milyon dollara çatdırmasını şərh edən ekspert deyib: “ABŞ-ın hər il Ermənistana yardımlar göndərdiyi məlum məsələdir. Builki məbləğin artırılması isə müəmmalıdır. Lakin hazırda bölgədə vəziyyət dəyişib, Azərbaycanın Zəfəri və danışıqlar yolu ilə gedən bir proses var. Sərhədlərin müəyyənləşdirilməsi, Ermənistanın konstitusiyasında etməyə məcbur olduğu dəyişikliklər və müzakirə olunacaq bu kimi bir çox mövzu var. Görünən odur ki, ABŞ Qafqazda Ermənistanın təsirini qorumağa çalışır. Burada bölgənin mühüm aktorlarından olan Rusiyanı unutmaq olmaz. Bəhs etdiklərimiz və dünyada baş verənlər fonunda yaranan mənzərəyə baxdıqda bu gün Qafqazda Rusiya ilə ABŞ arasında daha təsirli olmaq uğrunda mübarizənin getdiyini görərik. Bu gərginlik fonunda “piyada” olan bir Ermənistan var”.
Bölgədə yaradılmağa çalışılan gərginlik haqqında mülahizələrini bölüşən şərhçi bütün bu hadisələrin fonunda regionda qazananın Türk amili olacağına əminliyini ifadə edib. (AZERTAC)