Erməistanda revanşizm niyyətində olanlar son vaxtlar açıq bəyanat verməkdən çəkinsələr də, bölgədə sülh prosesinin gedişinə hər vəchlə əngəl törətməyə çalışırlar. Bu günlərdə Ermənistan parlamentinin müxalifətçi vitse-spikeri, “Ermənistan” blokundan deputat, daşnak İşxan Saqatelyan növbəti dəfə Paşinyan hökumətini “ölkəni türkləşdirmə yolu ilə aparmaqda” ittiham edib. Onun fikrincə, bu, Ermənistanın iqtisadi cəhətdən, təhlükəsizlik baxımından və ümumən, bütün mənalarda Türkiyədən asılı vəziyyətə düşməsi deməkdir. Sagatelyan bu prosesin qarşısını almaq üçün lazım gələn hər şeyi edəcəklərini bildirib (news.am).
O deyib ki, “bu, sadəcə Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması məsələsi deyil, erməni genosidinin, bizim ayrılmaz hüquqlarımızın tanınmasından geri çəkilməkdir, ümumiyyətlə, baş verənlər Ermənistanın və erməni xalqının maraqlarına uyğun deyil”.
Saqatelyanın fikrincə, “Azərbaycan və Türkiyə heç vaxt səmimi niyyətdə ola bilməzlər, çünki onlar Şuşa bəyannaməsində təsdiqləyiblər ki, bizim dövlətimizi yox etmək istəyirlər”. O, ölkəni uçuruma apardığını Paşinyan hökumətinin anlamadığını iddia edib və deyib: “Danışıqlara qalanda, onlar hansısa sənədi müzakirə edirlər, yoxsa hər dəfə nəyə yığışırlar? Yəqin ki, hansısa sənəd üzərində işləyir, hansısa məsələlərdə razılığa gəlməyə cəhd edirlər. Münasibətlərin normallaşdırılmasına və sərhədlərin açılmasına qalsa, bunu bir imza ilə edə bilərdilər. Lakin aydındır ki, söhbət başqa məsələlərdə, gizli və açıq şərtlərdən gedir. İndiki halda Türkiyə əksər hərəkətlərini Azərbaycanla razılaşdırır”.
Erməni müxalifəti pozuculuq fəaliyyətindən əl çəkmək niyyətində olmasa da, bölgədə və qlobal miqyasda baş verən hadisələr onların getdikcə güclənən proseslərə təsir göstərmək imkanlarını məhdudlaşdırır. Ermənistanın öz qonşuları ilə sülh və əmin-amanlıq şəraitində yaşamaqdan başqa çıxış yolu yoxdur. Yoxsa, bu dövləti yox olmaq təhlükəsi gözləyir və Saqatelyan kimiləri bunun qarşını almaq iqtidarında deyillər.